Avqustun 24-dən 29-dək Soçi şəhərində (Rusiya) “Yeni dalğa” (“Novaya volna 2019”) beynəlxalq müsabiqəsinin finalına 11 ölkədən musiqiçilər qatılacaq. Ötən illərdə Latviyanın Yurmala şəhərində gerçəkləşən gənc ifaçıların beynəlxalq müsabiqəsi bu il Rusiyanın kurort şəhərində təşkil ediləcək.
10-dan çox ölkənin təmsil olunacağı müsabiqədə Azərbaycandan müğənni Aysel iştirak edəcək.
“Novaya volna 2019” beynəlxalq müsabiqəsi finalçılarının ifasını İqor Nikolayev, Filipp Kirkorov, Sergey Lazarev, Anjelika Varum, Leonid Aqutin və digər tanınmış artistlər qiymətləndirəcəklər. Jüriyə sədrliyi isə festivalın rəhbəri – Rusiyanın Xalq artisti, prodüser və bəstəkar İqor Krutoy edəcək.
Avqustun 18-də Rusiya Rəssamlar İttifaqının üzvü, heykəltəraş Vyaçeslav Zvonovun rəhbərliyi altında “Novaya volna” barelyefinin hazırlanması mərasimi keçirilib. Bürüncdən töküləcək yeni barelyefin qoyulması ilə bağlı təntənəli mərasim isə avqustun 29-da olacaq. Bu mərasim müsabiqənin ənənələrindən biridir və ilk dəfə 2010-cu ildə təşkil olunub.