Macarıstanın Azərbaycandakı səfirliyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna rəsmi müraciət edib.
Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, müraciət Macarıstanın Fondda müşahidəçi statusu almaq istəyi ilə bağlıdır.
Məlumatda bildirilir ki, Macarıstan ilə türk dünyası ölkələri arasında daim dostluq münasibətləri mövcuddur. Macarların tarixən türkdilli xalqlarla bağlılığı, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşməsi bu əlaqələrin inkişafına təkan verib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstandan gələn nümayəndə heyətləri arasında keçirilən görüşlər zamanı Macarıstan tərəfi daim türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Fondun fəaliyyətinin əhəmiyyətini vurğulayıb, birgə layihələrin keçirilməsinə dəstəyini bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Fondun üzv dövlətləridir.