Meksikalı pianoçu Xesus Lepe Riko ötən ilin dekabrında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışından sonra qəzetimizə müsahibəsində bildirmişdi ki, dünyada insanların klassik musiqiyə olan münasibəti əsasən eynidir.

Azərbaycana, Bakıya və ümumilikdə milli mədəni irsimizə, eləcə də burada klassik musiqiyə isti münasibətin heyranı olan pianoçu bu il yenidən konsert proqramı ilə şəhərimizin qonağıdır.

Pianoçu avqustun 30-da mətbuat konfransı keçirdi. Əvvəlcə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini mətbuat nümayəndələrini salamladı və iki ölkənin mədəni əlaqələri haqqında məlumat verdi. Bildirdi ki, bu konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir. Beynəlxalq Muğam Mərkəzində (2 sentyabr) başlanacaq konsert turu sentyabrın 6-da Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində davam edəcək.

Bakıda təşkil edilən tədbirlərdə Meksika səfirliyinin aktiv iştirakını qeyd edən diplomat əsas məqsədlərinin mədəniyyətin təbliği ilə xalqları bir-birinə yaxından tanıtmaq olduğunu diqqətə çatdırdı. Bildirildi ki, səfirlik tərəfindən bu günə kimi çoxsaylı sərgilər, film festivalları təşkil edilib. Heydər Əliyev Mərkəzində meksikalı heykəltəraşlar Xavier Astorqa və Xorxe Marinin sərgiləri böyük maraq doğurub. Hər il səfirlik tərəfindən 20-dən çox mədəniyyət tədbiri keçirilir. Belə tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verir.

Səfir bu yöndə layihələrin davam etdiriləcəyini, Meksika mətbəxi günləri, film nümayişləri ilə yanaşı, “Qız qalası” festivalında iştirak edəcəklərini vurğuladı.

 

“Nə vaxtsa Bakıya səfər etmək arzusunda idim...”

 

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran pianoçu Xesus Lepe Riko burada insanların çox qonaqpərvər olmasından məmnunluğunu ifadə etdi. Konsertdə səslənəcək əsərlər barədə məlumat verən ifaçı vurğuladı ki, budəfəki proqrama Şopen, Bax və Bethoven kimi dünya şöhrətli bəstəkarların əvvəl ifa etmədiyi əsərlərini daxil edib. Eyni zamanda Xesus Belisario, Rikardo Kastro kimi meksikalı klassik musiqiçilərin əsərləri də konsertə əlavə kolorit qatacaq. Jurnalistlərin “Azərbaycan bəstəkarlarından kimlərin əsərlərini ifa edirsiniz” sualına cavabında pianoçu bildirdi ki, Qara Qarayevin əsərlərini çox sevir. Bakıya hələ uşaq yaşlarından vurğun olduğunu etiraf edən pianoçu ikinci dəfə bura qayıdışının da məhz bu sevgidən qaynaqlandığını dedi: “Bakını fotolarda, xəritədə görərdim və arzum nə vaxtsa bu şəhərdə olmaq idi. Çox şadam ki, bir musiqiçi kimi Meksika-Azərbaycan münasibətlərində, az da olsa, töhfəm var”.

Mətbuat konfransı Meksika milli musiqisinin banisi Manuel Mariya Ponsenin əsərinin sədaları ilə yekunlaşdı.

 

“Azərbaycan musiqiçiləri ilə birgə layihələrdə işləmək istəyirəm”

 

Sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində reallaşan konsertdən öncə təəssüratlarını bölüşən ifaçı dedi: “Azərbaycana ikinci gəlişimdir və burada olmaqdan çox məmnunam. Şadam ki, burada yerli tamaşaçılar çox istiqanlıdırlar və məni sevgi ilə qarşılayırlar. Bakının görməli məkanlarını ziyarət etdim. Mənim üçün ən maraqlı məkan isə Bakı metrosudur. Milli mətbəx nümunələrinizə isə söz ola bilməz. Kabab növləri və nar şirəsi çox xoşuma gəldi. Gələcəkdə Azərbaycan musiqiçiləri ilə birgə layihələrdə işləmək istəyərdim. Meksikadan Azərbaycana və Azərbaycandan Meksikaya gənc tələbələrin mübadiləsi faydalı olardı. Bir daha qonaqpərvərliyə görə Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm”.

Musiqi axşamında səfir Xuan Rodriqo Labardini bir daha pianoçu həmyerlisinin yaradıcılığı haqqında məlumat verdikdən sonra Xesus Lepe Riko səhnəyə dəvət olundu. Tamaşaçılar onun ifasında bir-birindən maraqlı, texnika imkanları bir-birini təkrarlamayan mükəmməl əsərlər dinlədilər. Qərb klassikası və Meksika ritmləri həmin gecə dinləyicilərdə qeyri-adi bir ab-hava yaratdı. Sevgi, anlaşma, musiqinin ecazkar sehri və məharətli ifa bir daha təsdiq edirdi ki, musiqinin dili yoxdur. Mahir pianoçu bu əsərlərə həm də qonaq olduğu Azərbaycandan aldığı enerjini və xoş təəssüratın pozitivliyini qatmışdı.

Qeyd edək ki, Xesus Lepe Riko Meksikanın Tamaulipas ştatının Tampiko şəhərində dünyaya göz açıb. Bir sıra milli mükafatlara layiq görülüb. Meksikanın bir çox səhnələrində solist ifaçı kimi çıxış edib. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.

Lalə AZƏRİ