Sankt-Peterburqda “Sülh və xeyirxahlıq musiqisi” mövzusunda etnomədəni festival keçirilib. Festivalı “Sankt-Peterburq Millətlər Şurası” Regionlararası ictimai təşkilatı ilə birlikdə Sankt-Peterburqun Azərbaycan Milli Mədəni Muxtariyyəti təşkil edib.
Qonaqlar qarşısında Rusiyanın Əməkdar artisti Tatyana Bulanova, opera müğənnisi Nəriman Əliyev, “Qolos” şousunun üçüncü mövsümünün finalçısı Azər Nəsibov və başqaları çıxış ediblər.
Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlov tədbir iştirakçılarını salamlayaraq deyib: “Sankt-Peterburq həmişə çoxmillətli olub. Əgər millətlər yoxdursa, şəhərin inkişafı da yoxdur. Öz mədəniyyətinizi, öz dilinizi, adət-ənənələrinizi qoruyub saxladığınıza görə çox sağ olun. Siz məhz bununla şəhərimizi daha güclü edirsiniz”.
Artıq ikinci dəfə keçirilən festivalın məqsədi müxtəlif xalqların mədəniyyətini qoruyub saxlamaq və populyarlaşdırmaqdır.