Prezident İlham Əliyev sentyabrın 4-də görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2019-cu ilin dekabrında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi Əminə Paşa qızı Dilbazinin (1919-2010) anadan olmasının 100 ili tamam olur.
Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları öz ifa tərzi ilə xeyli zənginləşdirib. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, filmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş verib, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınıb. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.