Budapeştin Ferens List adına Hava Limanının A və B terminallarını birləşdirən foyesində azərbaycanlı fotorəssam Aydın Sadıxovun fərdi sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Ölkəmizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrinin nümayiş olunduğu sərgidə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin bu ölkədəki səfiri Əhməd Akif Oktay, Azərbaycanın diaspor təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, fotosərgi vasitəsilə ildə 15 milyon nəfərə xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə tanış olmaq imkanı qazanacağını qeyd edib.
V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakıya birbaşa hava reyslərini həyata keçirməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.
Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin diqqəti cəlb edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış olublar. Sərgidə səfirlik tərəfindən Azərbaycan Milli Arxiv İdarəsindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqqında əldə edilən fotolar da nümayiş olunur.
Macarıstanın ən böyük hava limanında sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə turist axınının artmasına töhfə olacaq.