Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qazaxıstanda səfərdə olub, Nur-Sultan şəhərində keçirilən Asiya Ölkələri Yazıçılarının I Forumunda iştirak edib.
Səfər zamanı Qazaxıstan Milli Akademik Kitabxanasında ölkə ictimaiyyəti, diaspor üzvləri ilə yazıçının görüşü keçirilib.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək ölkəsinin tanınmış şəxsiyyətləri ilə qürur duyduğunu bildirib. Səfir belə şəxsiyyətlərdən olan Xalq yazıçısı Anarın öz yaradıcılığı ilə Azərbaycan və türk xalqlarının ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına töhfələr verdiyini deyib.
Qazaxıstan yazıçıları Joltay Almasulı, Baxıqoca Rustəmov və Dariya Jumageldinova Anarın əsərlərinin dünyanın bir sıra dillərinə, o cümlədən qazax dilinə tərcümə edildiyini bildiriblər.
Baxıtqoca Rüstəmov “Dombrasız qazax, əsl qazax deyil” el misalını söyləyərək yazıçıya milli xalq çalğı alətini hədiyyə edib.
Görüşdə Anar bildirib ki, böyük türk dünyasının bir parçası sayılan Qazaxıstan repressiya zamanı həmvətənlilərimizin sığınacaq yeri olub. Qazax xalqı Abay, Çokan Vəlixanov, Oljas Süleymenov kimi böyük şəxsiyyətlər yetişdirib. Hər zaman Azərbaycanda Qazaxıstan mədəniyyətinə xüsusi maraq olub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Xalq yazıçısı beynəlxalq ictimai-siyasi forumlarda Qazaxıstanın ədalətli mövqe nümayiş etdirməsini xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edənlər yazıçını canlı klassik adlandırıb, onun əsərlərinin hər zaman aktual olacağını söyləyiblər.
Görüşdə Anarın ssenarisi əsasında lentə alınan və Azərbaycan kinosunun “qızıl fondu”na daxil edilmiş “Gün keçdi” filminin bu il qazax dilində Azərbaycan kinosu həftəsi çərçivəsində yerli kanalda nümayiş olunduğu və maraqla izləndiyi vurğulanıb. Sonra Anar gənc yazarlar, milli kitabxananın əməkdaşları və oxucuların suallarını cavablandırıb.
Tədbir iştirakçıları yazıçı ilə xatirə şəkli çəkdiriblər.
Kitabxanada Azərbaycana aid kitablarla yanaşı, Xalq yazıçısının da əsərləri nümayiş olunub.