Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
Konsertdə rəngarəng rəqslər ifa olunub. Bakı sakinləri və şəhərin qonaqları Kəmalə Səfərəliyevanın ifasında “Şam” rəqsini izləyiblər.
Sonra meydan “Səma” rəqs qrupunun üzvlərinə verilib. Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil edən kollektiv tamaşaçılara “Sarı gəlin” kompozisiyasını, “Qaytağı”, “Çobanlar”, həmçinin hind, özbək, tatar, ərəb rəqslərini ifa ediblər. Konsertin əsas nömrəsi isə gənc rəqqasların ifa etdikləri “Azərbaycan süitası” rəqsi olub.
Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.