Sentyabrın 6-da Latviyanın Yurmala şəhərində “Kremerata Baltika 2019” festivalının açılış mərasimi olub.
Tanınmış musiqiçi Gidon Kremerin rəhbərlik etdiyi mötəbər klassik musiqi festivalının qonaqları sırasında azərbaycanlı dirijor, Əməkdar artist Fuad İbrahimov da var. Festivalın konsertlərinə dirijorluq edən həmyerlimiz Latviya telekanallarına müsahibəsində Azərbaycan musiqisi haqqında da məlumat verib.
Qeyd edək ki, dirijor və violin ifaçısı Gidon Kremer “Kremerata Baltika” orkestrinin və eyniadlı festivalın yaradıcısıdır. Festival 1997-ci ildən keçirilir. Üç gün davam edən budəfəki festivala da tanınmış musiqiçilər qatılıb. Festivalın “Şərq sərhədi” adlanan ilk konserti rumın və çex bəstəkarlarının yaradıcılığına həsr edilib. Sonrakı günlərdə isə İ.S.Bax və latış bəstəkarların əsərləri səsləndirilib. Festivalın bağlanış günü M.Vaynberqin 100 illiyinə həsr olunmuş proqram təqdim olunub.
Bütün konsertlərə Fuad İbrahimov dirijorluq edib. Qeyd edək ki, bu ilin dekabr ayının 13-də azərbaycanlı dirijor həmçinin Latviya Milli Simfonik Orkestri ilə çıxış edəcək.