Hələlik əsərin müəllifini dinləyək

…İlk dəfə onun adını kimdən eşitdiyim dəqiq yadımda deyil, amma haqqında nə deyildiyini unutmamışam: “Arif Məlikovun ən sevimli, gələcəyinə çox inandığı tələbələrindəndir”. Elə həmin vaxtdan da hər dəfə “çıxış edir (ilk musiqi təhsilini fortepiano ixtisası üzrə alıb, əsərlərini özü də ifa edir), ya da müəllif – Pikə Axundova” eşidəndə həmin təqdimatı xatırlayıram.

Təəssüf ki, bu gün ciddi musiqi ilə məşğul olan bəstəkarlar istedad və zəhmətlərinə görə geniş ictimaiyyət, dinləyici-tamaşaçı auditoriyasında layiq olduqları qədər tanınmırlar. Odur ki, Pikə xanımla müsahibəyə səbəb olan sənət hadisəsi barədə danışmazdan öncə onu oxuculara bir qədər geniş tanıtmaq istərdik.

Pikə Axundova Bülbül adına Orta İxtisas Musiqi Məktəbini üç ixtisas – fortepiano, bəstəkarlıq və nəzəriyyə sinifləri üzrə bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) isə fortepiano və bəstəkarlıq üzrə ali təhsil alıb. Daha sonra nəzəriyyə üzrə aspiranturanı bitirib, hazırda BMA-nın Bəstəkarlıq kafedrasının müəllimidir. “Muğam dramaturgiyasında qeyri-xətti inkişaf prinsiplərinin rolu” mövzusunda dissertasiya üzərində çalışır.

Məktəbli ikən şəhər, respublika və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak etməyə başlayıb. 2000-ci ildə Sankt-Peterburqda keçirilən pianoçu-bəstəkarların I beynəlxalq müsabiqəsində qalib gəlib, dörd ildən sonra, bu dəfə tələbə kimi, həmin müsabiqədə uğurunu təzələyərək laureat adını qazanıb. İştirak etdiyi beynəlxalq festivallardan mükafatla qayıdıb. 2005-ci ildə Gənclər və İdman Nazirliyinin mükafatını (“İlin ən yaxşı gənc bəstəkarı”) qazanıb.

İki simfoniya, fortepiano ilə orkestr üçün konsert kimi daha bir neçə irihəcmli musiqi əsərinin müəllifi Pikə Axundovanın dahi Məhəmməd Füzulinin “Su” qəsidəsinə bəstələdiyi oratoriya bu ilin mart ayında İstanbulun Camal Rəşid Rey salonunda Türkiyə Prezident Orkestrinin baş dirijoru Rəngim Gökmənin idarəsilə ifa olunub. Simfonik orkestr üçün türk və Azərbaycan milli musiqi alətlərindən istifadə edilməklə bəstələnmiş bu əsər böyük maraqla qarşılanıb.

İndisə, budur, bəstəkar Pikə Axundovanın adını milli musiqi sənətimizə daha irihəcmli musiqi əsərinin müəllifi kimi yazacaq bir hadisənin izinə düşüb onunla söhbət edirik.

Gələn həftə başlayacaq XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında bizi təkcə məşhur xarici musiqiçilərlə görüş, maraqlı əsərlərin ifası gözləmir. Bizi həm də yeni opera ilə tanışlıq gözləyir. Festivalın anonslarından xəbərdar olduğumuz kimi, sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası olacaq.

Beləliklə, bu premyeradan sonra gənc müəllifi operası səhnəyə çıxan üçüncü azərbaycanlı xanım bəstəkar kimi də təqdim edə biləcəyik.

 

- Pikə xanım, yaradıcılığınıza az-çox bələd olduğumuzdan nə vaxtsa sizi iri səhnə əsərinin müəllifi kimi tanıyacağımıza şübhəmiz olmasa da, hər halda “Məhsəti” operasının premyerası xəbəri bizim üçün bir qədər gözlənilməz oldu. Hər halda böyük musiqili səhnə əsərinin yazılması, hazırlanması uzun vaxt tələb edir və bu, mədəniyyət cameəsinin nəzərindən yayınmır. Amma “Məhsəti”nin birbaşa tele-anonsunu gördük…

- Bilirsiniz, bütün bəstəkarların yaradıcılığında elə bir məqam yetişir ki, o, irihəcmli səhnə əsəri yazmağı təcrübədən keçirmək istəyir. Tələbə bəstəkar adətən kiçik musiqi əsərlərini yazmaqla sənətə başlayır və getdikcə simfonik janrlara keçir. Müstəqil yaradıcılıq mərhələsində bəstəkar özü hiss edir ki, səhnə əsəri yazmağın zamanı yetişib. Mən də həmin zamanın yetişdiyini hiss edirdim, həm də mənə elə gəlirdi ki, ilk səhnə əsərim balet olacaq. Bilmirəm, bəlkə də bu hiss Arif Məlikovun tələbəsi olmağımdan irəli gəlirdi… Amma iş elə gətirdi ki, ilk səhnə əsərim opera oldu. Üstəlik, bu əsərin ideyası da mənim deyil, sənət dostum, gözəl vokalçı, Əməkdar artist, “Mədəniyyət” kanalının baş direktoru Ramil Qasımovundur.

 

- Maraqlıdır…

- Amma əsərin baş qəhrəmanı olaraq Məhsətinin seçilməsi təsadüfi deyil. Hələ 2013-cü ildə Məhsəti Gəncəvinin 900 illik yubileyi qeyd ediləndə onun sözlərinə musiqi bəstələnməsi də tədbirlər planına daxil idi. Təəssüf ki, Məhsətinin rübailərinə indiyədək az musiqi bəstələnmişdi. Mən onun rübailərinə mahnı və romanslar silsiləsi yazdım. Məhsəti yaradıcılığına bələd olsam da, məhz həmin silsilə üzərində işləyərkən bu şairəni özüm üçün yenidən kəşf etdim. Onun daxili dünyasına aşiq oldum. Həmin mahnıları Xalq artisti Alim Qasımov qızı Fərqanə xanımla, xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Aygün Bayramova, Nəzakət Teymurova, gənc müğənnilərimiz Səbinə Ərəbli, Güllü Muradova oxudular və həmin ifalar diskə yazıldı. Mahnılardan ikisini də Ramil Qasımov ifa etmişdi. Elə ötən ilin sonlarında Ramil müəllim təklif etdi ki, neçə ildir Azərbaycanda opera yazılmır, “Məhsəti” operasını da siz yazın, çünki siz Məhsətinin lirikasını çox yaxşı duyursunuz, onun yaradıcılığına da bələdsiniz…

 

- Beləcə, opera əsəri üçün çox qısa müddətdə…

- Elədir, bu ilin əvvəlindən işləməyə başladıq və artıq əsər hazırdır, son məşqləri gedir… Bu ilin geridə qalan aylarında mən dayanmadan, fasiləsiz, sutka ərzində digər işlərə, istirahətə cüzi vaxt ayırmaqla bu əsəri yazmışam. Böyük həvəslə, böyük şövqlə işlədim.

 

- Görünür, Məhsəti Gəncəvi özü sizin ilham pəriniz olub…

- Yəqin...

 

- Hər hansı yeni səhnə əsərinin teatr səhnəsinə çıxışı əvvəlcə inzibati-texniki mərhələlərdən keçir deyə, tamaşanın səhnəyə çıxması hətta bir neçə il yubana bilir.

- Bəli, elə buna görə də tamaşa “Mədəniyyət” televiziya kanalının təşkilati dəstəyi ilə hazırlandı. Əsər “Azərbaycan Televiziya və  Radio Verilişləri” QSC-nin Niyazi adına Simfonik orkestrinin müşayiəti ilə səslənəcək. Əsas partiyaları isə təbii ki, Opera və Balet Teatrının solistləri ifa edəcəklər. Titul partiyasını Əməkdar artist İnarə Babayeva, onun sevgilisi Əmir Əhmədin partiyasını Ramil Qasımov, Sultan Səncəri Taleh Yəhyayev, Xanəndə qızı Fərqanə Qasımova oxuyacaqlar. Tamaşada gənclərə üstünlük verilib:  Fəhmin Şahyar, Fəxri Kazım-Nicat, İlqar Məclumov da tamaşada çıxış edəcəklər.

 

- Libretto müəllifi, rejissor…

- Librettonu Leyla Qədirzadə yazıb, “Məhsəti” onun operada ilk işi olsa da, indiyədək müzikl üçün libretto yazıbmış. Həm də Leyla xanım qəhrəmanların  ariyalarında da Məhsətinin rübailərindən istifadə edib. Tamaşaya ikinci təhsili teatr rejissorluğu olan “Məhsəti”miz – İnarə Babayeva quruluş verib. Baletmeyster Xalq artisti Təranə Muradova, geyim üzrə rəssam Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır. Ramil müəllim Məhsəti kimi dövrünü qabaqlamış, poetik ruhu  və həyata baxışı ilə fərqlənən gözəl bir qadının obrazını operada təcəssüm etdirmək üçün yaradıcı qadınları bir layihədə birləşdirib. Mədəniyyət Nazirliyinə də minnətdaram ki, bizim layihəmizi dəstəklədi və onu Üzeyir Hacıbəyli adına böyük beynəlxalq festivalının proqramına daxil etdi.

 

- Bayaq dediniz ki, nə vaxtsa balet yazacağınızı düşünürdünüz…

- Düşünürdüm, amma… Mən bəstəkarlığa vokal əsərləri yazmaqla başlamışam, hər zaman da yazmışam. Opera üzərində iş isə çox məsuliyyətli, çoxşaxəli bir işdir. Sən təkcə tamaşa musiqisi yazmırsan, özünü bir aktyor kimi qəhrəmanının yerinə qoyursan, onun hisslərini yaşayaraq, səsinin xüsusiyyətlərini nəzərə alaraq musiqini yazırsan. Məhsətinin üzərində çalışanda orkestrləşdirmə fənnindən müəllimim olmuş görkəmli bəstəkar Aqşin Əlizadə yadıma düşdü. Rəhmətlik Aqşin müəllim deyirdi ki, mən “Babək” baletini bitirəndən sonra keçirdiyim stressdən neçə ay müalicə olundum.

 

- Müəlliminizi xatırladınız… Arif müəllim sizin opera yazdığınızı bildi?

- Təəssüf ki, yox… Mən əsər üzərində işləyəndə vəziyyəti ağır idi, telefona da cavab vermirdi. Yalnız həyat yoldaşı ilə ondan xəbər tuturdum. Arif müəllim neçə dəfə yatağa düşmüşdü və xəstəliyə qalib gəlmişdi. Mən də gözləyirdim, inanırdım ki, Arif müəllim yenə ayağa qalxacaq və mənim operamın premyerasında iştirak edəcək… Təəssüf…

 

- Qismət…

- Bilirsiniz, bu dönəmlər çox çətindir. Sentyabrın 13-ü Arif müəllimin doğum günüdür. O imkan verməzdi ki, biz onun adına süfrə açaq, xüsusi təbrik edək. Amma bütün kafedra 15 sentyabrda yeni dərs ilinin başlamasını bəhanə edib onun doğum gününü qeyd edərdi. Bu il isə ilk dəfə yeni dərs ilini onsuz başlayacağıq. 

 

- Həyat davam edir. Görkəmli sənətkarlar öz əsərlərində, böyük müəllimlər həm də öz tələbələrinin üzağardan əməllərində yaşayırlar. Sizin operanız Arif Məlikovun ruhuna, ad gününə ən böyük hədiyyəniz olacaq. Premyerada görüşərik.

Gülcahan MİRMƏMMƏD