Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində 5-ci “Altay – türk xalqlarının qızıl beşiyidir” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Qazaxıstan, Fransa, Rusiya, Türkiyə, Yaponiya, Hindistan və digər ölkələrin alimləri iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov təmsil edib.

İnstitutdan bildirilib ki, azərbaycanlı alimin konfransın plenar iclasında “Qıpçaqlar Azərbaycanda: toponimlərdə yaşayan tarix” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra Tahir Şahbazovun S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü olub. Görüşdə azərbaycanlı alimin ölkəmizin qıpçaq mənşəli toponimlərinə həsr olunmuş mühazirəsi dinlənilib. Alim müasir türkologiyanın ayrı-ayrı problemləri, Azərbaycan-Qazaxıstan elm və təhsil əlaqələrinin hazırkı vəziyyəti, Qazaxıstanda latın əlifbasına keçidlə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi və s. məsələlər haqqında sualları cavablandırıb.

Görüşdən sonra Tahir Şahbazova universitetin rektorluğu tərəfindən təşəkkür məktubu təqdim olunub.