Sentyabrın 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun (1933-2019) doğum günü münasibətilə tədbir keçirildi. Tədbirdə mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Azərbaycan musiqisinin inkişafına töhfələr vermiş bəstəkarın əsərlərinin təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da şöhrət qazandığını bildirdi. Vurğulandı ki, Arif Məlikov nəinki böyük bəstəkar, həmçinin istedadlı rəssam, çoxlu sayda musiqiçi yetişdirən pedaqoq kimi hər zaman xatırlanacaq. Onun tələbələrinin əksəriyyəti müəllimlərindən mənimsədikləri ənənələri ləyaqətlə davam etdirirlər.
Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın yaradıcılığından danışdı. Qeyd etdi ki, Arif Məlikov özündən əvvəlki görkəmli bəstəkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirərək milli musiqi salnaməmizə parlaq səhifələr yazıb. Yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər musiqi xəzinəmizin bəzəyidir. O həmçinin film və tamaşalara musiqilərin, eləcə də romans və populyar mahnıların müəllifidir. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin dünyanın teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, bəstəkar musiqinin müxtəlif janrlarında yaratdığı əsərlərdə klassik və müasir musiqi üslublarından istifadə edərkən milli köklərdən də uzaqlaşmır: “Dahi Üzeyir bəy yazırdı ki, hər bir bəstəkar bəstəkarlıq texnikasına yiyələnməzdən əvvəl milli alətlərimizdən birində mükəmməl ifa etməyi bacarmalıdır ki, həm xalq musiqisini dərindən mənimsəsin, həm də milli zəmində professional əsər yarada bilsin. Böyük bəstəkarın davamçıları, o cümlədən Arif Məlikov bu tövsiyəyə əməl etdiklərindən onların əsərləri daim sevilir və seviləcək”.
Tədbirdə daha sonra bəstəkarlar Gülnarə Məmmədova, Pikə Axundova, Tamella Əhədova və başqaları çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər.
Bədii hissədə A.Məlikovun əsərlərindən ibarət konsert təqdim edildi. “Məhəbbət əfsanəsi” baletindən, “Əbədiyyət” simfoniyasından, fortepiano və simfonik orkestr üçün konsertindən videoyazılar nümayiş olundu. Tələbələrin ifasında bəstəkarın əsərləri səsləndirildi.
Sonda sənətkarın nəvəsi Əminə Məlikova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.
SAVALAN