Bakı Metropolitenində 18 sentyabr – Üzeyir musiqi günü qeyd edilib. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, artıq beşinci ildir ki, bu əlamətdar gün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilir.
Sentyabrın 18-də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.
Metropolitenin sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib. Peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.