Azərbaycan dilində hər kəlməni, sözü sevmək, onun mənasını və mənalarını duymaq, hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə olan sevgidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə doğma ana dilinə – Azərbaycan dilinə olan sevgidir.

Bu fikirlər Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Adiloğlu” nəşriyyatında yeni çapdan çıxmış “Dilin möcüzəli imkanları” kitabında yer alıb.

Kitabda dilin tükənməyən bir möcüzə olduğu öz təsdiqini və təzahürünü tapır, dil quruculuğu prosesinin diqqəti cəlb edən tərəfləri təhlil olunur. Nəşrdə, həmçinin Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları təbii bir prosesin nəticəsi kimi dil faktları əsasında araşdırılır, dilin praktik və mövcud imkanları xüsusi olaraq tədqiqat obyektinə çevrilir.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, filologiya üzrə elmlər doktoru Sərdar Zeynal və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir.