Dekabrın 12-dən 14-dək Fransanın Lill şəhərində keçiriləcək 6-cı “Transsibir” incəsənət festivalının (Trans-Siberian Art Festival) açılış mərasimində böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” səsləndiriləcək.

Bu haqda festivalla bağlı Parisdə keçirilən mətbuat konfransında məlumat verilib. Mətbuat konfransında festivalın direktorları – tanınmış skripkaçı Vadim Repin və dirijor Jan Klod Kasadesus iştirak ediblər.

Yevgeni Svetlanov adına Beynəlxalq dirijorlar müsabiqəsinin təsisçisi Marina Brouer Azərbaycanın Fransadakı səfirliyi və Heydər Əliyev Fondu ilə əməkdaşlığa toxunub, Qara Qarayevin bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, “Transsibir” festivalının açılışında Q.Qarayevin musiqisinin səsləndirilməsi də səfirliklə əməkdaşlığın bəhrəsidir. O, Heydər Əliyev Fondunun azərbaycanlı musiqiçiləri təşviq etməsindən də söz açıb, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə Fond tərəfindən namizədliyi irəli sürülən Fuad İbrahimovun uğurunu xatırladıb.

Novosibirskdən olan tanınmış skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş “Transsibir” festivalı indiyədək Yaponiya, ABŞ və Cənubi Koreyada keçirilib. Festival Avropada ilk dəfə Fransanın Lill şəhərində gerçəkləşəcək. Festivalın məqsədi gənc musiqiçiləri təşviq etməkdir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilib. Filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdünü səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunub və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. “Mezzo” klassik musiqi kanalında film 20 dəfədən çox yayımlanıb.