18-19 sentyabr tarixində Tacikistanın paytaxtı Düşənbədə MDB Ölkələri Mədəni Əməkdaşlıq Şurasının 34-cü iclası keçirilib.

İclasda Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev və nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Araz Bağırlı iştirak ediblər.

34-cü iclasa Belarus Respublikası sədrlik edir. İclası açan Belarus Mədəniyyət nazirinin birinci müavini Natalya Karçevskaya qonaqları salamlayaraq gündəlik haqqında məlumat verib.

Sonra ev sahibi ölkənin – Tacikistanın Mədəniyyət naziri Şəmsəddin Orumbekzadə iştirakçıları ölkəsinin hökuməti adından salamlayıb.

Gündəlik üzrə məsələlərin müzakirəsində Azərbaycan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev, digər ölkələrin nümayəndə heyətlərinin başçıları çıxış ediblər.

İclasda 2021-2025-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirlərinin layihələri nəzərdən keçirilib. Tarixi-mədəni irsin qorunması və istifadəsi, muzey işi, kitabxana sahəsi, teatr-konsert fəaliyyəti, təsviri sənət, kitab nəşri, informasiya fəaliyyəti, musiqi və kino sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasda “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramının icrası ilə bağlı məsələyə də baxılıb. Belarus Mədəniyyət nazirinin birinci müavini N.Karçevskaya proqramın bu il Brestdə həyata keçirilməsi barədə məlumat verib. Qazaxıstan Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Daueşov gələn il “Birliyin mədəniyyət paytaxtı” olacaq Şımkənd şəhərində proqrama hazırlığın gedişi barədə məruzə edib.

Şura üzvləri həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Qələbə muzeyində “Qələbə ərazisi” layihəsi ətrafında da müzakirələr aparıblar.