Sentyabrın 18-də Milli Musiqi Gününün əsas təntənəli tədbiri Bakı Musiqi Akademiyasının qarşısında – Üzeyir bəyin heykəli önündə keçirildi.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd olunur: “Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur, yüksək səviyyədə qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar bəxş edəcək”.
Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin adı ilə bağlı olan ənənəvi musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını vurğuladı: “Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.
Əbülfəs Qarayev bir daha Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik etdi, hər kəsə yeni yaradıcılıq uğurları arzuladı.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə təhsil ocağının 100 illiyinin qeyd ediləcəyini dedi: “Azərbaycan peşəkar musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən gənclərə müraciət edirəm. Mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar”.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi əlamətdar gün barədə danışaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələri qeyd etdilər.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nümunələri təqdim olundu.
FARİZ