Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” beynəlxalq festivalı keçirilib. Festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından rəqs ansamblları qatılıb.
Ölkəmizi festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.
Festivalın açılış mərasimi qədim “İçan Kala” qoruq-muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı meydanda olub.
İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayıb, onlara uğurlar arzulayıblar.
Mərasimdə ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov da çıxış edib. O, Azərbaycanda mədəniyyət və incəsənətə dövlət qayğısından danışıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.
Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə ustad dərsləri və digər tədbirlər reallaşıb.
Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər. Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın baş mükafatı – Qran-priyə layiq görülüb.