Azərbaycan Dövlət Akademik Filarmoniyasında sentyabrın 23-də təqdim edilən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti də Üzeyir Hacıbəyli festivalının yaddaqalan musiqi axşamlarından biri oldu.
Orkestri Xalq artisti, dirijor Fəxrəddin Kərimov idarə edirdi. Gecədə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə Azər Dadaşovun “Fortepiano və orkestr üçün konsert”ini, Rusiyanın tanınmış violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin məşhur əsərini – “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini ifa etdi. “Concerto Cantabile” Bakıda ilk dəfə səslənirdi.
Bundan başqa, konsertin proqramında K.Yenkinsin simli orkestr üçün “Palladio” və P.Hindemitin simli kvartet üçün “Minimax” əsəri yer almışdı.