Sentyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Əli Əliyevin “Naxışlı Azərbaycan” adlı sərgisinin açılışı oldu.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov tədbiri giriş sözü ilə açaraq sərgiyə olan böyük maraqdan danışdı: “Bu, Əli Əliyevin ikinci böyük sərgisidir. O öz əsərlərində Azərbaycan təbiətini çox gözəl şəkildə əks etdirməyi bacarır. Ümidvaram ki, belə sərgilər davamlı olacaq”.
Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov da müəllifi sərgi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı.
Əli Əliyev tədbir iştirakçılarını salamlayaraq bütün gələn qonaqlara öz minnətdarlığını bildirdi.
Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular. Sərgidə rəssamın rəngkarlıq və qrafika üslubunda 90-a qədər əsəri nümayiş etdirilir.
Əli Əliyev 1960-cı ildə Qərbi Azərbaycanda (Basarkeçər rayonu) anadan olub. 1977-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1989-cu ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib. Yaradıcı işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus mövzusundadır. Rəssam, eyni zamanda qrafika, qrafik dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır.
NURƏDDİN