“Nə vaxt dəvət edilsəm, yenə Bakıya gələcəyəm”
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının qonaqlarından biri də İtaliyadan gəlmiş tanınmış pianoçu Aleksandr Hacıyev idi. İtaliyalı olsa da, əslində, soydaşımızdır. Bunu onun soyadından da təxmin etmişdik, Bakıda isə öz dilindən eşitdik.
Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçirilən solo konsertdən öncə ifaçıdan qısa müsahibə almaq imkanımız oldu.
- Aleksandr, Sizi italiyalı pianoçu kimi təqdim etsələr də, Azərbaycanla bağlılığınız var. Elə deyilmi?
- Bəli, mən əslən azərbaycanlıyam. Atam və ata tərəfdən qohumlarım azərbaycanlıdır. Atam Siyavuş Hacıyev Bakıda doğulub, pianoçudur. Ali təhsil almaq üçün Moskvaya gedib. Təhsilini bitirdikdən sonra orada pedaqoji fəaliyyətlə məşğul olub. 25 il əvvəl isə İtaliyaya köçüb. Hazırda orada həm yaradıcılıq, həm də pedaqoji fəaliyyətini davam etdirir. Onun tələbələri dünyanın tanınmış pianoçularıdır. Mən İtaliyada dünyaya gəlmişəm. Əfsus ki, atam işləri ilə əlaqədar mənimlə gələ bilmədi. Onu da deyim ki, bu mənim Bakıya ilk səfərim olsa da, atam öz doğma şəhərinə gəlib-getməyə vaxt ayırır. Nənəm də İtaliyaya – bizim yanımıza köçdüyü üçün bir az gediş-gəlişimiz azalıb. Bu festivalda iştirak etmək mənim həyatımda böyük hadisədir.
- Atanızın yolunu özünüz davam etdirmək istədiniz, yoxsa onun istəyi oldu?
- Mənim anam da pianoçudur. Evdə iki pianoçunun əhatəsində digər sahəni seçmək qeyri-mümkün oldu hər halda. Mənim ilk nəticələrim pis alınmadı və belə qərara gəlindi ki, mən bu işi davam etdirim. Bu sahə ilə məşğul olmağım isə bu gün mənim doğma vətənimə gəlməyimə vəsilə oldu.
- Yəqin ki, ailənizdə Azərbaycan musiqisi də səslənir.
- Əlbəttə, mütəmadi. Mən uşaqlıqdan milli musiqini də dinləmişəm, Azərbaycan rəqs havalarını da. Milli musiqi alətlərimizi də tanıyıram.
- Azərbaycan bəstəkarlarının əsərlərini necə, ifa edirsinizmi?
- Düzü, konsert proqramlarımda hələ Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət etməmişəm. Amma belə niyyətim var. Əslində, festivala dəvətlə bağlı bu arzumu reallaşdırmaq istərdim. Sadəcə, dəvət gözlənilməz oldu və bu arada planlanmış və gərgin iş qrafikim üzündən bu məsələni reallaşdıra bilmədim. Amma dəqiq deyə bilərəm ki, bu fikri həyata keçirəcəyəm.
- Bildiyimizə görə, hazırda Berlində yaşayırsınız. Bunun bir səbəbi varmı?
- Ona görə ki, orada həm təhsil alıram, həm də yaradıcılıqla məşğul oluram. Digər əsas səbəb isə odur ki, Berlin bu gün Avropanın ən böyük musiqi mərkəzlərindən biri sayılır. Orada çoxsaylı orkestrlər və musiqi zalları fəaliyyətdədir və musiqiyə gözəl münasibət var.
- Bu gün dünyada tanınmış pianoçular çoxdur. Bu sırada seçilmək çətin deyil ki?
- Düşünürəm ki, sadəcə öz potensialını inkişaf etdirməlisən. İç dünyanda nələr varsa, onu realizə etməyi bacarmalısan. Bir də öz şəxsiyyətini bütövləşdirməlisən, çox çalışmalısan. Bundan sonra bütün yollar öz-özünə açılacaq. Qeyd etdiyim məqamlarla bərabər, əgər sənin şansın və irəli getmək istəyin varsa, bu, reallaşaq.
Bunun üçün oturub nəyisə düşünməyə ehtiyac yoxdur.
- Bakını gəzə bildinizmi?
- Atam həmişə mənə deyirdi ki, Bakı İtaliya şəhərlərinə bənzəyir. Bunun şahidi oldum. Güclü külək də qəribə hisslər yaşadır. Arxitektura, külək, şəhərin özəlliyi qəribə bir mif hissi yaradır.
- Evinizdə Azərbaycan yeməkləri hazırlanırmı?
- Anam sloveniyalıdır. Amma evimizdə milli mətbəx hazırlanır. Bir əsas səbəb var ki, milli yeməyin dadını əldə etmək üçün məhz yaxşı məhsullar, yəni uyğun məhsullar lazımdır. İtaliya ərzaqları ilə hazırlanan Azərbaycan yeməyi isə heç də Azərbaycanda hazırlanan yeməyin dadını verə bilməz. Burada daha dadlı, daha təbiidir.
- Beynəlxalq Muğam Mərkəzinin səhnəsini bəyəndinizmi?
- Çox gözəl səhnədir. Binanın arxitekturası çox gözəl təəssürat yaradır. Səsləndirmə də standartlara uyğundur. Azərbaycanın milli muğam sənətinin simvolu olan səhnədə çıxış etməyim də mənim üçün bir hadisədir.
- Sizi Bakıda bir də nə vaxt gözləyək?
- Bəlkə də inanmayacaqsınız, amma mən birgünlüyə gəldim və konsertdən sonra gecə qayıdıram. Səbəb isə odur ki, sabah Buxarestdə, daha sonra Romada konsertim olacaq. Amma nə vaxt dəvət edilsəm və zamanım olsa, mütləq yenə Bakıya gələcəyəm. İnanıram ki, gələcəkdə belə bir fürsət olacaq və mən burada xeyli qalmaq imkanı əldə edəcəyəm.
***
İtaliyalı soydaşımızın solo konsertini sənətsevərlər səbirsizliklə gözləyirdilər.
Musiqi axşamında Mədəniyyət naziri Əbülfəs Qarayev, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İfaçının proqramına L.Bethoven, F.List, S.Prokofyev kimi klassik bəstəkarların əsərləri daxil edilmişdi. Aleksandr Hacıyevin ifası tamaşaçıların zövqünü oxşadı, gur alqışlarla qarşılandı. Gənc pianoçunun ata-baba vətənində ilk çıxışı yəqin ki, onun yaddaşında da, musiqi tarixi səhifəmizdə də uzun zaman qalacaq.
L.AZƏRİ