Daşkənddə keçirilən ənənəvi “Xalqların adət-ənənələri və mətbəxi” adlı festivalda ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.
Azərbaycan guşəsində müxtəlif nəşrlər, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. AMM-in naxış və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.
Azərbaycan guşəsinə baş çəkənlərə ölkəmizlə bağlı kitab və jurnallar hədiyyə olunub, onlar milli təamlarımıza qonaq edilib.
Təşkil edilən konsertdə AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı da çıxış edib.