Qüdrətli söz ustadı İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin təsdiq etdiyi plan əsasında mədəniyyət ocaqlarında, o cümlədən kitabxanalarda silsilə tədbirlər keçirilir.

Kitabxanalarımızda Nəsiminin əsərlərinin müxtəlif nəşrləri, həmçinin şairin həyat və yaradıcılığı haqqında müxtəlif kitablar, monoqrafiyalar var. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına (2004) əsasən, İmadəddin Nəsiminin əsərləri iki cilddə nəfis şəkildə çap olunaraq bütün kitabxanalara hədiyyə edilib. Nəsiminin əsərləri rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə də işıq üzü görüb.

Nəsimi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına, eləcə də bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Mütəfəkkir şairin bəşəri ideyalarla zəngin söz irsi dünyanın müxtəlif ölkələrində elmi tədqiqat mövzusudur. Belə tədqiqatlar Nəsiminin faciəli şəkildə əbədiyyətə qovuşduğu, son mənzilinin yerləşdiyi Suriyada da aparılıb.

Baxmayaraq ki, illərdir müharibə girdabından çıxa bilməyən bu ölkədə mədəni, ədəbi irsin qorunması, tədqiq olunması bu gün diqqətdən kənarda qalıb.

Nəsiminin poeziyasını, fəlsəfi görüşlərini tədqiq etmiş, uzun illər Dəməşq Sənət Universitetində Nəsimi haqqında mühazirələr söyləmiş Əbdülfəttah Rəvvas Qələçi bu sahədə nüfuzlu alimlərdəndir. AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin sədri Xatirə Quliyeva hazırda alimin 1991-ci ildə çap olunmuş “Hələbin yaqutu İmadəddin Nəsimi: həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasının dilimizə tərcüməsi üzərində çalışır.

Xatirə Quliyevanın sözlərinə görə, Əbdülfəttah Rəvvas Qələçi 1938-ci ildə Hələbdə doğulub. Tanınmış alim və yazıçının 50-dən çox əsəri sırasında Nəsimi haqqında monoqrafiya ilə bərabər “Rumiyə gedən yol” pyesi, “Əl-Sührəvərdi – hikmət sahibi” kitabları da var. Onun Nəsimi haqqında monoqrafiyası ilə bağlı Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə akademik Bəkir Nəbiyev 2009-cu ildə dərc olunan məqaləsində məlumat verib.

Xatirə Quliyeva qeyd edir ki, 2010-cu ildə Suriyada olarkən akademik Bəkir Nəbiyevin haqqında məlumat verdiyi alim barədə çox soruşub-soraqlaşıb, amma axtarışları nəticəsiz olub: “Sonra internetdə ciddi axtarış etdim. Müxtəlif ərəb alimlərinə, Hələbdə yerləşən arxiv və digər rəsmi qurumlara məktub yazdım. Məqalələrim dərc olunduqca “Facebook”da Qələçinin səhifəsində paylaşmalar edirdim. Nəhayət, bir neçə aydan sonra – bu yaxınlarda o, mənimlə əlaqə yaratdı. Yazışdıq. Mənə Nəsimi haqqında iki kitabını göndərəcəyinə söz verdi. Hələbdə yaşayan həmvətənimiz Rəşidə Adil qızı Bünyadzadə mənim xahişimlə onunla görüşdü və artıq kitablar bizdədir. O, əsərlərinin Azərbaycan oxucusuna çatdırılması arzusundadır. Hazırda qarşımda dayanan ən mühüm işlər sırasında Əbdülfəttah Rəvvas Qələçinin “Hələbin yaqutu İmadəddin Nəsimi: həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər) kitablarını, ərəbdilli mətbuatdan üzə çıxardığım iyirmiyə qədər məqaləni tərcümə etdirib çap etdirməkdir”.