Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi  ilə yaradılan Bakı Kitab Mərkəzi 2018-ci ilin sentyabrından qapılarını mütaliə həvəskarlarının üzünə açıb.

Paytaxtdakı Ü.Hacıbəyli və N.Qoqol küçələrinin kəsişməsində yerləşən mərkəzin əsas məqsədi oxucularda mədəni, mənəvi dəyərləri və faydalı bilikləri özündə ehtiva edən kitablara maraq oyatmaqdır. Kitab satışına fərqli bir konsepsiya ilə yanaşan bu məkanda Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə müxtəlif janr və mövzulu nəşrlər yer alıb. 

Mərkəzdə mütəmadi olaraq kitab təqdimatları, imza günü və yaradıcılıq gecələri keçirilir. Burada kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Oxu zalı, görmə qabiliyyəti zəif şəxslər üçün bölmə, uşaq guşəsi, ədəbi-mədəni tədbirlər hissəsi, tədris guşəsi, hədiyyələr bölməsi, dəftərxana ləvazimatları şöbəsi və s. bölmələr oxucuların  xidmətindədir.

Bakı Kitab Mərkəzində oxuculara müxtəlif dillərdə bədii əsərlərlə yanaşı, dəb, memarlıq, dizayn haqqında maraqlı nəşrlər, incəsənətə aid albomlar, turist bələdçiləri, musiqi ədəbiyyatı təqdim olunur. Mərkəz həm satış, həm mütaliə və tədris, həm də oxucuların görüş ünvanı kimi bütün yaş kateqoriyalarına mənsub insanlar arasında populyarlıq qazanıb.

Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif guşələrdə quraşdırılan monitorlarda yeni və ən çox satılan kitablara dair məlumat öz əksini tapır. Həmçinin sensor ekranlarda mərkəzdə satılan kitablar üzrə axtarış etmək mümkündür.

Bakı Kitab Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində müxtəlif maraqlı nəşr layihələri də həyata keçirib.