Konsert proqramından əvvəl gənc dirijor Mustafa Mehmandarov festivalla bağlı təəssüratlarını bizimlə bölüşdü:
- Festivalın final notlarını səsləndirmək. Bu, necə bir duyğudur?
- Çox şadam və qürur hissi ilə demək istəyirəm ki, dahi Üzeyir bəyin adını daşıyan və artıq 11-ci dəfə keçirilən beynəlxalq musiqi festivalının bağlanış mərasimində iştirak edirəm. Bildiyiniz kimi, son illərdə musiqi mədəniyyətimizdə böyük layihələr icra olunur, unudulmaz hadisələr yaşanır. Builki festivalın da çox zəngin proqramı vardı. Müxtəlif ölkələrdən tanınmış, peşəkar musiqiçilər öz ifaları ilə Azərbaycan dinləyicilərinə zövq verdilər. Hesab edirəm ki, bu, çox önəmli və vacib bir missiyadır. Fürsətdən istifadə edib bu yüksək təşkilatçılığa görə Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə öz minnətdarlığımı bildirirəm.
- Bugünkü musiqi gecəsinin özəlliyi nədir?
- Bu gün opera musiqisi axşamıdır. “Tembr. Kainat. Opera” adlı konsertdə Rusiya, Gürcüstan və Özbəkistandan solistlərlə yanaşı, yerli vokalçılar da çıxış edəcək. Konsert boyu tamaşaçılar onların gözəl ifalarını eşitmək imkanı qazanacaqlar. Proqrama həm dünya, həm də Azərbaycan bəstəkarlarının operalarından ariyalar daxildir. Eləcə də Avropa bəstəkarlarının simfonik əsərləri səslənəcək.
- Üzeyir bəyin adını daşıyan orkestrlə çıxışınız sizdə hansı hissləri yaradır?
- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri gələn il 100 illiyini qeyd edəcək. Bu, sıradan bir rəqəm deyil, çox böyük bir tarixi hadisəni özündə cəm edir. Çünki bizim orkestr müsəlman Şərqində yaranan ilk simfonik orkestrdir. 1920-ci ildə yaradılan kollektiv bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Bu kollektivin bir hissəsi olmaqdan şərəf duyuram.
- Siz həm də TÜRKSOY-un Gənclər Kamera Orkestrinin qonaq dirijoru kimi çıxış edirsiniz...
- TÜRKSOY-un Gənclər Kamera Orkestri ilə əməkdaşlığım 2010-cu ildən başlayıb. İlk olaraq 3 il müddətində skripkaçı kimi fəaliyyət göstərdim. 2016-cı ildən etibarən orkestrin baş qonaq dirijoruyam.
Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etdi. Əfsus ki, Bakı konsertində iştirak edə bilmədim. Çünki Vyanada konsert proqramım planlaşdırılmışdı. Amma bildiyim qədər, konsert uğurla keçib. Mən bu kollektivə uğurlar arzu edir və yenidən Bakıda görməyi arzulayıram.
L.AZƏRİ