Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Müasirlərlə dialoq” layihəsi çərçivəsində istedadlı gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilovla görüş (27 sentyabr) keçirildi.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bildirdi ki, tanınmış şəxslərin qonaq olduğu “Müasirlərlə dialoq” layihəsinin budəfəki qonağı istedadlı pianoçu Vurğun Vəkilovdur. Qeyd etdi ki, musiqiçi 2008-ci ildə ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş gənc ifaçıların I Respublika müsabiqəsinin qalibi olub. 2009-cu ildə o, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla, Prezident təqaüdünə layiq görülüb. Vurğun 13 yaşında İtaliyanın Pesaro şəhərində keçirilən VIII “Citta di Pesaro” müsabiqəsinin qalibi olub. O, iştirak etdiyi beynəlxalq müsabiqələrdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovla yanaşı, Bax, Motsart, Çaykovski kimi dünya musiqiçilərinin əsərlərini də böyük məharətlə ifa edib.
Görüşü təşkil etdiyinə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə təşəkkür edən Vurğun Vəkilov tədbir iştirakçılarına həyat yolundan danışdı. Bildirdi ki, Bülbül adına Orta ixtisas musiqi məktəbində Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyevdən ixtisas təhsili alıb. 2016-cı ildə Fransanın Annemasse şəhərində pianoçuların Adilə Əliyeva adına X müsabiqəsində laureat olub. Hazırda Fransanın Paris şəhərindəki “Ecole Normale de Musique de Paris – Alfred Cortot” təhsil müəssisəsində oxuyur. Təhsil ocağında müəllimi isə Azərbaycan əsilli Rəna Şereşevskayadır. O, təhsil almaqla yanaşı, Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə yaxından iştirak edir.
Daha sonra gənc pianoçu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirdi. Onun ifası alqışlarla qarşılandı.
S.FƏRƏCOV