Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqı, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əbədi dostluq” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının Tərcümə bölməsinin rəhbəri Adxambek Alimbekov, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Kitob dunyasi” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxış ediblər.
Çıxışlarda mədəniyyət, dil, adət-ənənə yaxınlığı olan Azərbaycan və özbək xalqlarının tarix dostluğundan söz açılıb.
Tədbirdə Azərbaycan ədəbiyyatına dair nəşrlər sərgilənib. Qənirə Paşayevanın özbək dilində çap olunmuş “Aç qapını” kitabının təqdimatı keçirilib, sözlərinə yazılmış mahnılar səsləndirilib.