Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt 2019” IV Avrasiya ədəbi festivallar festivalına yekun vuruldu. Avrasiya Xalqları Assambleyasının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları “LiFFt” Mədəni Layihələrin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondu, tərəfdaşları Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir.

“LiFFt 2019” festivalı 30 sentyabr – 5 oktyabr tarixlərində ölkəmizdə keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində gerçəkləşib. Avrasiya Xalqları Assambleyası günlərinin proqramına həmçinin “Birlikdə qalib gəldik” adlı sənədli filmlər festivalı, “Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masa və digər tədbirlər daxildir.

Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən keçirilir. 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III “LiFFt” festivalında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olduğu üçün builki festivala Bakı ev sahibliyi edib. Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al çıxış etdilər. Çıxışçılar “LiFFt 2019” festivalının yüksək səviyyədə təşkilinə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.

Sonra festivalın müxtəlif nominasiyalar üzrə qaliblərinə mükafatlar təqdim olundu.

Qızıl medala türkiyəli şair Tuğrul Tanyol layiq görüldü. Beləliklə, növbəti festival gələn il Türkiyədə keçiriləcək.