Payız mövsümünün ilk on günündə teatr, kino və musiqi sənətinin üç görkəmli siması dünyadan köçdü. Sanki təbiətin xəzan dövrünün başlaması ilə bərabər, incəsənət aləmində də bir “yarpaq tökümü” yaşandı.

***

Keçmiş SSRİ-nin və Rusiyanın məşhur teatr və kino xadimi, rejissor, ssenarist Mark Zaxarov sentyabrın 28-də 86 yaşında vəfat edib. Moskvadakı Lenkom Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti doğum gününə (13 oktyabr) iki həftə qalmış dünyasını dəyişib.

Görkəmli rejissor 1973-cü ildən baş rejissoru olduğu Lenkom Teatrında 38 tamaşaya quruluş verib. Onun ən məşhur rejissorluq işi “Yunona və Avos” rok-operası olub. M.Zaxarov Andrey Mironov və Anatoli Papanovun iştirakı ilə “12 stul”, “Məhəbbət formulu”, “Həmin Münhauzen” kimi populyar sovet filmlərinin də rejissoru olub.

***

Sovet kinosunun ən məşhur nümunələrindən olan “Mimino” filminin musiqisinin müəllifi, gürcüstanlı bəstəkar Qiya Kançeli oktyabrın 2-də ömrünü başa vurub.

10 avqustda 84 yaşını (1935) qeyd etmiş bəstəkar təkcə operaları və simfonik əsərləri ilə deyil, həm də teatr tamaşalarına və “Mimino”dan savayı “Kin-dza-dza”, “Qəm yemə” kimi filmlərə bəstələdiyi musiqiləri ilə də şöhrət qazanmışdı. SSRİ-nin Xalq artisti, Gürcüstanın Dövlət mükafatı laureatı idi.

Tbilisidə doğulan və orada konservatoriyanı bitirən bəstəkar, 1991-ci ildən Almaniyada, 1995-ci ildən isə Niderlandda yaşayırdı. Ömrünün son illərində vətənə qayıtmışdı.

***

Ötən əsrin 60-80-ci illərində “Çex bülbülü” kimi dünya şöhrəti qazanan çex estradasının əfsanəvi müğənnisi Karel Qott isə 80 yaşını bir neçə ay öncə – 14 iyulda qeyd etmişdi.

Uzun illərdir leykemiya xəstəliyindən əziyyət çəkən sənətkar oktyabrın 2-də Praqada doğmalarının əhatəsində dünyasını dəyişib.

Yaradıcılığı boyu 1000-dək mahnı ifa etmiş müğənninin 300-ə yaxıb solo albomu işıq üzü görüb və dünyada təqribən 50 milyon diski satılıb.

CAVİD