Almaniyanın “Bild” qəzetində bu ölkədə yaşayan və Karlsruhe şəhərində təhsil alan azərbaycanlı skripka ifaçısı Fəridə Rüstəmova haqqında yazı dərc olunub.
“Fəridənin çantasında 1,5 milyon avro var” başlıqlı məqalədə Fəridə Rüstəmovanın çıxış etmək üçün digər yerlərə getdiyi zaman çantasında 1,5 milyon avro dəyərində skripkanı özü ilə apardığı vurğulanır.
Təhsil aldığı müddətdə Frayburq şəhəri tərəfindən F.Rüstəmovanın istifadəsinə verilən skripkanın 1745-ci ildə məşhur skripka ustası Pietro Quarneri tərəfindən hazırlandığı bildirilir. Gənc skripkaçının bu alətdə ifa edə bilmək üçün müraciət etdiyi və digər skripkaçıların da qatıldığı müsabiqədə jüri tərəfindən qalib seçildiyi vurğulanır.
İfaçının skripkadan bir an belə ayrılmadığı, hər konsertdən Karlsruhe şəhərinə qayıdandan sonra skripkanı oxuduğu musiqi məktəbinə saxlanca təhvil verdiyi diqqətə çatdırılır. Onun oktyabr ayında doktorluq işini başa çatdıracağı və yanvar ayınadək skripkada ifa edə bilmək hüququnun olduğu bildirilir.
Fəridə Rüstəmova Azərbaycanın tanınmış musiqiçi ailəsindəndir. O, görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun nəvəsidir. Atası Eldar Rüstəmov da bəstəkar olub.
1993-cü ildə anadan olan Fəridə musiqi təhsilinə 6 yaşında olarkən Msitslav Rostropoviç adına musiqi məktəbində başlayıb. O, Almaniyanın Karlsruhe Musiqi Universitetini fərqlənmə diplomu ilə bitirib və hazırda solistlik dərsləri alır. Gənc azərbaycanlı skripkaçı Fəridə Rüstəmova Karlsruhe, Frayburq və Ştutqart şəhərlərindəki konservatoriyaların yüksələn ulduzları sırasındadır.