İçərişəhərdə “Türk dünyası həftəsi” çərçivəsində sərgi açılıb
Oktyabrın 9-da İçərişəhərdə rəssam Cəmilə Haşımovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərgi açılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edilib.
Qeyd edib ki, “Türk dünyası həftəsi” çərçivəsində təşkil olunan tədbirlərin başlıca məqsədi fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və tanıdılmasıdır.
“Türk dünyası hər zaman öz qədimliyi, zənginliyi, rəngarəngliyi ilə seçilir. Bu gün Cəmilə xanımın əsərlərində də bu rəngarəngliyi görürük. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində - İtaliya, Fransa, Rusiya, Bolqarıstanda sərgilənərək böyük marağa səbəb olub”, - deyə G.Əfəndiyeva vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Söyləyib ki, sərgidə C.Haşımovanın müxtəlif mövzularda 50-yə yaxın əsəri nümayiş olunur. Sərgilənən rəsmlər müəllifin bədii dünyasının təzahürüdür.
Əməkdar incəsənət xadimi Kübra Əliyeva rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırıb. Bildirilib ki, rəssamın işləri məna-məzmun tutumuna görə fərqlidir. Sərgilənən əsərlərin sənətsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayan natiq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
***
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan “Naxçıvan müqaviləsi”nin (2009) 10 illiyi münasibətilə reallaşdırdığı “Türk dünyası həftəsi” çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. Silsilə tədbirlərə Milli Kitabxanada Nizami Gəncəviyə həsr olunmuş “Nizaminin türkçülüyü və türkçülüyə yanaşması Azərbaycan muzeyşünaslığında” adlı kitabın təqdimatı, Azərbaycan Dillər Universiteti ilə birgə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş beynəlxalq konfrans, “Kitabi-Dədə Qorqud” dastanının kollokviumunun 30 illiyi və eposun yeni tapılan 13-cü boyunun müzakirəsinə həsr olunmuş beynəlxalq elmi yığıncaq, Macarıstanın Azərbaycandakı səfirliyi ilə birgə “Saplar arasında harmoniya” – qobelen sənəti nümunələrinin sərgisi və s. daxildir.