Yaqub Zurufçu on il sonra Bakıda konsert proqramı ilə çıxış edib
Oktyabrın 12-də Heydər Əliyev Sarayında tanınmış müğənni, Əməkdar artist Yaqub Zurufçunun solo konserti olub.
Konsertdən əvvəl açıqlama verən müğənni həmişə olduğu kimi, bu dəfə də xalq və bəstəkar mahnılarına üstünlük verəcəyini deyib. Bildirib ki, sevilən bir çox mahnılarını da səsləndirəcək. Sonuncu dəfə on il əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertin də yaddaqalan olacağını vurğulayıb. Konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söyləyən Y.Zurufçu bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.
Konsertdən öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarımızla zəngindir və ifaları hamının qəlbini oxşayır.
“Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir”, - deyə R.Hüseynov söyləyib.
Müğənnini konserti münasibətilə təbrik edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev), Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs qrupunun müşayiəti ilə keçən konsertdə repertuarından ən seçkin nümunələri, eləcə də özünün bəstələrini – məşhur “Dəniz”i, Təbrizə həsr etdiyi yeni mahnını səsləndirən müğənni alqış selinə layiq görülüb.
41 ildir vətəndən, doğma şəhəri Təbrizdən ayrı düşən Y.Zurufçu C.Cahangirovun “Ana” mahnısını (söz: İslam Səfərli) oxuyarkən gözyaşını saxlaya bilməyib. Müğənni bu ifanı şəhid analarına həsr edib.
Konsertin sonunda müğənni repertuarının şah əsəri saydığı “Ayrılıq” mahnısını (musiqi – Əli Səlimi, sözləri – Fərhad İbrahimi) oxuyub. Tamaşaçılar müğənnini ayaqüstə alqışlayıblar.
Gecənin diqqətçəkən məqamlarından biri də səhnə dekorasiyası olub. Səhnədə bir tərəfdə Qız qalası, digər tərəfdə Ərk qalası, onların arasında Arazın suları əks olunub. Gecənin musiqi seli Arazın sularına qovuşaraq hər iki taydakı yurdu ruhlarda birləşdirib.