Çexiyanın UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Kutna Hora qəsəbəsində yerləşən “Sedlec Ossuary” (“Müqəddəslər məzarlığı”) qotik qəbiristanlıq kilsəsində turistlərə selfi çəkmək qadağan edilib.
Səbəb isə odur ki, 60 min skeletin qalıqlarından istifadə olunaraq müdhiş bir ekspozisiyanın yaradıldığı və xalq arasında “Sümüklər kilsəsi” də adlanan bu məkana turist axını zamanı həmin insan kəllə və sümükləri selfi çəkənlər tərəfindən zədələnir.
Praqadan 72 kilometr məsafədə yerləşən qəsəbənin bu kilsəsi qeyri-ənənəvi dekorasiyası sayəsində on minlərlə turistin axınına uğrayır. Kilsənin girişindəki xaçdan tutmuş onun ibadət yerinədək hər bir hissəsi insan kəlləsi və sümükləri ilə “bəzədilib”. Kilsəni ziyarət zamanı qaydalar müxtəlif dillərdə izah olunsa da, bir çoxları onlara etinasız yanaşır, sümükləri kilsə divarından qoparır, selfi çəkdirir, hətta günəş gözlüklərini belə insan kəllələrinə taxırlar.
2020-ci ildən buraya gələn ziyarətçilərə selfi çəkdirmək qadağan ediləcək. 2017-ci ildə kilsəni yarım milyon turist ziyarət edib və bu rəqəm ildən-ilə artır. Gələn ildən etibarən kənardan fotoşəkil çəkmək üçün ziyarətdən üç gün əvvəl kilsədən icazə alınmalıdır.
Dünya irs siyahısına daxil edilən Kutna Hora tarixi qəsəbəsində “Sümüklər kilsəsi” ilə yanaşı, Müqəddəs Məryəm kilsəsi və Baptist Con kilsəsi də turistlərin diqqətini cəlb edir.
CAVİD