Parisdə, UNESCO-nun mənzil-qərargahında İmadəddin Nəsiminin 650 illiyi münasibətilə oktyabrın 16-da keçirilən təntənəli mərasim barədə ötən sayımızda xəbər vermişdik. Mərasimdə çoxsaylı qonaqlar, xarici diplomatlar iştirak ediblər.

“İmadəddin Nəsiminin 650 illiyinin UNESCO-da qeyd edilməsini alqışlayıram. Azərbaycanı yaxından tanıyıram, UNESCO-nun Dünya İrs Komitəsinin rəhbəri qismində bu ölkəyə dəfələrlə getmişəm. Azərbaycanın tarixi və mədəniyyət abidələrinin Dünya irs siyahısına daxil edilməsində iştirak etmişəm. Mənə Azərbaycan muğamını dinləmək nəsib olub”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş direktorunun xüsusi müşaviri Munir Buşenaki söyləyib.

“Azərbaycanın bu axşamkı tədbiri çox möhtəşəm oldu. Musiqi, ifa tərzi Nəsiminin sufi düşüncələrini əks etdirirdi. Nəsiminin sufi düşüncələrinin bu musiqi və səslər vasitəsilə dərinliyinə qərq olduq. UNESCO belə yüksək perfomans üçün ən gözəl səhnədir”, - deyə M.Buşenaki vurğulayıb.

“UNESCO-da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə möhtəşəm bir tədbir oldu. Bu bütün türk dünyasının bayramıdır. Mədəniyyət tədbirləri ilə ölkələrimizin qapılarını, eləcə də mədəni və ruhi irsimizi bütün dünyaya açırıq”, - deyə  Qazaxıstanın Fransada səfiri və UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Jan Qaliyev təəssüratını bölüşüb.

O bildirib ki, mədəniyyət insanları birləşdirən ən yaxşı vasitədir: “Belə tədbirlər, eyni zamanda türk ölkələrinin mədəniyyətinin təşviqidir. Birliyimizi qoruyub saxlamalıyıq. Biz bir ailəyik, bütün sahələrdə ailə üzvlərinin əlaqələrini möhkəmləndirməliyik”.

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olduğunu xatırladan J.Qaliyev sessiyanın yüksək səviyyədə təşkil olunduğunu, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edib.