Bu il Azərbaycan Bəstəkarlar İttifaqının 85 yaşı tamam olur. Bu münasibətlə oktyabrın 25-dən 28-dək Bəstəkarlar İttifaqının təşəbbüsü ilə musiqi festivalı keçirilib.
Festivalın Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən açılış mərasimində yaradıcı ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın rəhbərliyində həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub.
Vurğulanıb ki, Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı illərdə ümummilli lider Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, onların yaradıcılığı üçün göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq musiqi layihələrinin əhəmiyyətini vurğulayan F.Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı bu layihələrdə yaxından iştirak edir. Diqqətə çatdırılıb ki, Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır. Bəstəkarlar İttifaqının təsis etdiyi “İpək Yolu” festivalı zəngin musiqi ənənələrinə malik Şəki şəhərində hər il müvəffəqiyyətlə keçirilir.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbi ənənələrinin bu gün də uğurla davam etdirildiyini söyləyib. Bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.
Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlarda musiqimiz ən əsas qüvvədir.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festivallarda Bəstəkarlar İttifaqı da fəal iştirak edir.
Nazir qeyd edib ki, beynəlxalq Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat təsis edib və mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.
Çıxışlardan sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) iştirakı ilə festivalın ilk konserti təqdim edilib. Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb.
Gecədə Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə həsr etdiyi 6 saylı “Türk simfoniyası”, Azər Dadaşovun 13 saylı simfoniyası – “Ad Victoriam”, Cahangir Zülfüqarovun “Ümid adası” qravüraları (solist – Əminə Zülfüqarova, fleyta), Cəlal Abbasovun simli orkestr üçün “İn memoriam” və digər əsərlər səslənib.
***
Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, filarmoniyanın Kamera və orqan musiqisi zalında orqan musiqisi axşamı və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, Bəstəkarlar İttifaqında elmi konfrans, Bakı Musiqi Akademiyasında kamera konserti, Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, digər tədbirlər təşkil edilib.
***
Oktyabrın 28-də Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı başa çatıb.
Festivala Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Gülbacı İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.
Gecədə Oqtay Rəcəbovun “Zəfər himni” kantatası, Sərdar Fərəcovun “Sonsuzluq karvanı” oratoriyası, Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” kantatası, Tural Məmmədlinin “Təbrizim” kantatası, Pikə Axundovanın “Məhsəti” operasından Məhsəti və Əmir Əhmədin dueti, Firəngiz Əlizadənin “Nəsimi ilahiləri” və Qara Qarayev “Zamanın bayraqdarı” kantatası səslənib.