Meksikanın Azərbaycandakı səfirliyi ölkə mədəniyyətinin təşviqinə yönəlmiş silsilə tədbirlər həyata keçirir.
Oktyabrın 24-də Bakıda Meksika istehsalı olan “Ölülər günü” və ya “Selmanın böyük arzusu” cizgi filminin premyerası olub. Nümayiş “Volgafilm” və Park Cinema ilə əməkdaşlıq əsasında gerçəkləşib.
Filmin təqdimatı ilə həmçinin bu ölkənin tanıtımı məqsədilə keçirilən Meksikanın “Qlobal həftə”sinə (#SemanaGlobal) start verilib. Bu çərçivədə Meksikanın Azərbaycandakı səfirliyi həmçinin “Milli mətbəx həftəsi”ni təşkil edib. 28 oktyabr – 3 noyabr tarixlərində “Landmark” hotelində meksikalı aşpaz Meksikanın kulinariya zənginliyini yaymaq üçün ənənəvi məhsullarla milli təamları təqdim edir.
“Qlobal həftə”nin son tədbiri “Gənclik” metro stansiyasında reallaşacaq. Burada “Frida və Dieqo. Yolun yarısında bir təbəssüm” adlı fotosərginin açılışı olacaq. Beləliklə, noyabr ayında minlərlə metro istifadəçisi Meksikanın iki görkəmli rəssamı – Dieqo Rivera və Frida Kalonun – yaradıcılıq və gündəlik həyatını əks etdirən fotoşəkilləri seyr edə biləcək.
LALƏ