Noyabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbi ilə birgə təşkil olunub.
Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramovun açılış sözündən sonra muzeyin şöbə müdiri Xanım Abdinova unudulmaz bəstəkarın həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında danışıb.
Tofiq Quliyev adına Musiqi məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova sənətkarla bağlı xatirələrini bölüşüb, məktəbin bəstəkarın yaradıcılığının təbliğində iştirakından söz açıb.
Tədbirin bədii hissəsində Tofiq Quliyev adına məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.