Azərbaycan Milli Konservatoriyasının bir qrup əməkdaşı Almaniyanın Frayburq Universitetinin Radiologiya və tibbi fiziki klinika kafedrasında xanəndə səslərinin tədqiqi ilə əlaqədar səfərdə olublar.
Bu barədə AMK-da keçirilən seminarda məlumat verildi. Seminarda AMK-nın professorları – elmi işlər üzrə prorektor Lalə Hüseynova, Xalq artisti Mənsum İbrahimov və konservatoriyanın doktorantı Aleksandria Sultan von Bruseldorf çıxış edərək, tədqiqat və səfərlə bağlı təəssüratlarını bölüşdülər.
Prorektor Lalə Hüseynova bildirdi ki, Frayburq Universitetinin professoru Yurgen Henningin rəhbərliyi ilə Radiologiya və tibbi fiziki klinika kafedrasında muğam ifaçılarının səslərinin elmi araşdırılması AMK-nın doktorantı Aleksandria Sultan von Bruseldorfun “Muğam ifaçılarının vokal aparatının akustik və fizioloji xüsusiyyətləri” adlı tədqiqat layihəsi çərçivəsində aparılıb. Tədqiqatda AMK-nın 4-cü kurs tələbəsi Sədəf Budaqova da iştirak edib.
Vurğulandı ki, Frayburq Universitetinin klinikası ən son texnologiyalardan istifadə etməklə müxtəlif vokal səsləri araşdıraraq səsin fizioloji və akustik parametrlərinin öyrənildiyi dünyada azsaylı tibb müəssisələrindən biridir. 100-ə yaxın opera vokalçısının, rok musiqi janrından repə qədər müxtəlif istiqamətlərdə ifaçıların səs aparatları araşdırılıb öyrənilsə də, Şərq ifaçılıq üslubunun, xüsusilə muğam ifaçılarının səs aparatının tədqiqi ilk dəfə qeydə alınıb. Tədqiqat prosesinin özündə müəyyən çətinliklər vardı. Çünki xanəndələr vokal sənətinin imkanlarını tamamilə qeyri-adi bir mühitdə göstərməli idilər. Mənsum İbrahimov və tələbəsi Sədəf Budaqova bu çətin və qeyri-adi sınaqdan uğurla çıxıblar və beləliklə, ilk dəfə olaraq Azərbaycan muğam ifaçılarının səs aparatları MRT aparatından istifadə edilərək qeydə alınıb.
Seminarda o da qeyd olundu ki, Azərbaycan xanəndələrinin səs aparatlarının bu şəkildə öyrənilməsi həmin universitetdə ilk dəfə həyata keçirilib və alman mütəxəssislərinin böyük marağına səbəb olub. Muğam ifaçılarının səslərinin tədqiqi ilə bağlı araşdırmanın nəticələri 30 gün müddətində Azərbaycana göndəriləcək və bundan sonra doktorant Aleksandria Sultan von Bruseldorf bu tədqiqat üzərində elmi işini təqdim edəcək. Yeri gəlmişkən, musiqiçi heyətimiz Heydər Əliyev Fondu tərəfindən çap edilən “Qarabağ xanəndələri” və “Azərbaycan musiqisi. Muğam” disklərini klinikaya hədiyyə ediblər.
Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşərək dedi ki, tədqiqatın aparılması çətin prosedur olsa da, biz öz vokal bacarıqlarımızı bacardığımız qədər mükəmməl nümayiş etdirməyə çalışdıq. Tədqiqat zamanı MRT aparatının içərisində sirena siqnalının müşayiəti ilə öz səsini dinləmədən muğam dəsgahları ifa etməli idik. Böyük səs dalğasının fonunda tonallığı saxlayıb ifa etmək nə qədər çətin olsa da, biz bunu bacardıq. Tədqiqat zamanı “Bayatı-Şiraz” və “Mahur-hindi” muğamlarını ifa etdik.
Aleksandria Sultan von Bruseldorf isə öz növbəsində ona yaradılan şəraitə və səfərin reallaşmasına dəstək olan təşkilatlara təşəkkürünü bildirdi. Vurğuladı ki, bu iş Azərbaycan xanəndəlik məktəbində səs elminin öyrənilməsində bir yenilik olacaq.
Qeyd edək ki, Azərbaycan muğam ifaçılarının səs tembri və səs texnikaları alman mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Universitetin professoru, foniatr, həkim otolarinqoloq, ixtisasca vokal ifaçısı olan Bernard Rixter səs tezliyinin ölçülməsi zamanı diqqətə çatdırıb ki, dünyaca məşhur opera ifaçısı L.Pavarotti bəzən ifasında ən yüksək tonallıqda muğam boğazlarına müraciət edirdi. Onun sözlərinə görə, azərbaycanlı ifaçı Mənsum İbrahimovun səs tezliyi ən yüksək opera tonallığından da yüksəkdir.
Lalə AZƏRİ