Azərbaycan xalqı musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Haqqında söhbət açacağımız belə sənətkarlardan biri görkəmli bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir. 65 yaşı tamam olan sənətkar Azərbaycan musiqisinə, incəsənətinə həsr olunmuş bir yaradıcı ömür yaşayır.

Müasir dünya incəsənətində baş verən proseslərə daimi maraq və diqqət, milli ənənələrə hörmətlə yanaşma onun bədii kredosunu formalaşdırmışdır. Bəstəkar xalq musiqisinə, vətənpərvərlik və digər mövzulara müraciət edərək aktuallığı ilə fərqlənən, milli koloriti özündə ehtiva edən əsərlərlə mədəniyyətimizə öz layiqli töhfələrini verir.

Bəstəkarın yaradıcılıq yoluna qısa bir nəzər salaq.

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda anadan olub. 1972-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad tarzən Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı teatrının orkestrində solist musiqiçi, “Azkonsert”in “Aşıqlar” qrupunun, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin bədii rəhbəri, “Cəngi” estrada-folklor ansamblının musiqi rəhbəri, “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər işləmişdir. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur. O, 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir.

Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan Siyavuş Kəriminin professional bəstəkarlıq fəaliyyəti üç istiqamətdə inkişaf etmişdir: mahnı janrında bəstələr və aranjiman; teatr musiqisi; kino musiqisi.

O, tələbəlik dövründən mahnı janrı ilə ünsiyyətə başlamışdır. Dövlət Mahnı Teatrında, “Aşıqlar” vokal-instrumental ansamblında və “Cəngi” folklor-caz qrupunda işləməsi, mahnı janrında müxtəlif mövzu və üslubda nümunələri ifa etməsi, təcrübəli və sevilən mahnı ifaçıları ilə işbirliyi qurması, xalq və bəstəkar mahnılarını aranjiman etməsi yaradıcılığında mahnı janrının üstünlük etməsini şərtləndirmiş və onu peşəkar mahnı bəstəkarı kimi formalaşdırmışdır.

Siyavuş Kəriminin bəstəkarlıq fəaliyyətində daha bir istiqamət teatr incəsənəti ilə sıx bağlıdır. Bu sahədə bir çox uğurlara imza atmışdır. Onun teatr musiqisində müxtəlif janr və üslublarda yazılan dram əsərlərinin tamaşaları yer almışdır. Misal olaraq, V.Şekspirin “Hamlet”, M.F.Axundzadənin “Sərşüzəşti-vəziri-xani-Lənkəran”, C.Cabbarlının “Almaz”, H.Cavidin “Afət”, Ə.Əmirlinin “Şah Qacar”, T.Cücenoğlunun “Uçqun” və digərlərini göstərə bilərik.

Siyavuş Kəriminin yazdığı kino musiqisi də müxtəlif janrlı və məzmunlu filmləri əhatə etmişdir: sənədli, bədii filmlər; tarixi, vətənpərvərlik, məhəbbət, yumoristik mövzulu filmlər və s. Bəstəkarın musiqi yazdığı filmlərin sayı otuza yaxındır. Onlardan bəzilərini xatırladaq: “Qaravəlli” (1989), “Şahid qız” (1990),  “Sarı gəlin” (1998), “Yuxu” (2001), “Ovsunçu” (2002), “Biz qayıdacağıq” (2007), “Dərvişin qeydləri” (2013) və s. Məhz bu sahədə qazandığı etimad və nüfuza görədir ki, bəstəkar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinə üzv seçilmişdir.

Siyavuş Kərimi çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi və rəhbəri kimi də tanınır. Əsası 2002-ci ildə qoyulan belə layihələrdən biri Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda keçirilmiş konsertlə başlamışdır. Siyavuş Kəriminin “Trans Atlantik Non Stop” layihəsi əsasında gerçəkləşən konsertdə Azərbaycan tərəfdən Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovla yanaşı  Siyavuş Kərimi özü də çıxış etmişdir. Həmin konsertdən sonra “Altiplano” qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınmış, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanmışdır. Onu da nəzərinizə çatdıraq ki, “Trans Atlantik Non Stop” layihəsi sonradan İsveçin paytaxtı Stokholmda da təqdim olunmuş, 2007-ci ildə Norveçdə hazırlanmış alboma daxil edilmiş, həmçinin Moskvanın “Dünya albomları” musiqi onluğuna daxil olmuşdur.

Daha bir layihə Siyavuş Kəriminin Azərbaycan və Cənubi Amerika musiqiçiləri ilə birgə hazırladıqları “Salam-Hola” layihəsidir. 2011-ci ildə Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan konsertdə Ekvadordan olan “Altiplano” musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri sintez musiqi böyük əks-səda doğurmuşdur.

Digər layihə  Azərbaycan-Norveç mədəni əlaqələri haqqındadır. Siyavuş Kərimi ilk dəfə olaraq Norveç musiqiçiləri ilə Azərbaycan musiqiçilərinin əməkdaşlığı əsasında ərsəyə gələn layihənin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Bu, Norveçin “Skruk” xoru və azərbaycanlı musiqiçilərin iştirakı ilə həyata keçirilmiş “The land we come from” (“Bizim gəldiyimiz ölkə”) layihəsidir. Layihə səyyah və alim Tur Heyerdalın Azərbaycanla Norveç tarixi əlaqələrinin üzə çıxarılmasına xidmət edən ekspedisiyaların əks-sədası kimi meydana gəlmişdir. Layihənin musiqi tərtibatçısı, koordinatoru və aranjimançıları Siyavuş Kərimi və Norveçdə yaşayan azərbaycanlı bəstəkar Qalib Məmmədovdur. 1996-cı ildə Siyavuş Kərimi Azərbaycan və Norveç xalqlarının musiqi sahəsində əməkdaşlığının məhsulu kimi “Bizim gəldiyimiz ölkə” adlı ilk kompakt diskini hazırlayıb musiqi ictimaiyyətinə təqdim etmişdir.

Bu qədər gərgin yaradıcılıq işlərinin arasında Siyavuş Kəriminin 2001-ci ildən rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasında da milli musiqi mədəniyyətinin öyrənilməsi, dünyaya inteqrasiyası istiqamətində mühüm işlər görülür. AMK ilə müxtəlif ölkələrin təhsil müəssisələri arasında davamlı tədbirlər, konfrans və müştərək layihələrin keçirilməsi də bu işlər sırasındadır.

Yaradıcılığının kamillik dövrünü yaşayan sənətkar yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq milli musiqi mədəniyyətimizin tərəqqisi naminə çalışır. Siyavuş Kəriminin fəaliyyətinin çoxşaxəliliyi, məzmunu onu Azərbaycan musiqi mədəniyyətinin dəyərli simalarından biri kimi tanıdır və gələcək nəsillərə də belə tanıdacaq.

Jalə QULAMOVA
Milli Konservatoriyanın elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru