Milli Məclisin komitələrində 2020-ci ilin dövlət büdcəsinin müzakirələri keçirilir. Noyabrın 6-da parlamentin 5 komitəsi – Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında layihənin müzakirəsi zamanı bir çox fikir və təkliflər səsləndirilib.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. Ölkə tarixində ilk dəfə büdcə xərclərinin beşdəikisi (39,5 faiz) sosial sahəyə ayrılacaq.

Qeyd edilib ki, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışında bildirib ki, ildən-ilə artan dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı üçün çox mühüm işlər görülür. Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün büdcədən ayrılan vəsait artırılmalıdır.

Müzakirələr zamanı çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət sahəsində güclü islahatlar başlayıb. Mədəniyyətimizin lazımi səviyyədə təbliği üçün elektron resursların yaradılması məsələsi də diqqət mərkəzindədir. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Xüsusilə də mədəniyyət sahəsində müasir texnologiyaların tətbiqi, tarixi abidələrin qorunması və digər sahələrin inkişafı, eləcə də xaricdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var.

Deputatlar çıxış edərək təkliflərini səsləndiriblər. Maliyyə naziri Samir Şərifov bildirib ki, bir sıra təkliflər nəzərə alınacaq.

Noyabrın 7-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edib.