“Xalqınızı da, musiqinizi də çox sevirəm”
Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçirildi.
Hələ tədbirdən əvvəl vəd edildiyi kimi, Maykl Qutman və Olqa Domninanın Bakı konserti tamaşaçılara musiqi dilində mübarizə və zəriflik, ümid və arzular, sevgi və nifrəti hissetmə anları bəxş etdi. Musiqisevərlər bir-birini tamamlayan ifalardan zövq alaraq klassik fakturalı mikslər və virtuoz ifaların qarışığından ibarət musiqi dünyasına səyahət etdilər.
Tanınmış violin ifaçısı, Brüssel Kamera Orkestrinin dirijor və direktoru Maykl Qutman özünü Odessa ifaçılıq məktəbinin davamçısı hesab edir. Qərb mətbuatı onu XX əsr avanqard incəsənətinin banilərindən olan rəssam Mark Şaqal ilə müqayisə edir. Onun ifalarını dinləyərək insan Şaqal rəsmlərindəki azadlığı duyaraq ruhən pərvazlanır.
Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina (fortepiano) bir çox beynəlxalq müsabiqələrin qalibidir. Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxışlar edir.
Hər iki ifaçı ilə qısa müsahibəmiz oldu.
- Cənab Qutman, bu, Bakıya ilk səfəriniz deyil və təəssüratlarınız maraqlıdır...
- Bakıya artıq üçüncü səfərimdir. Bu səbəbdən də buranı özümə yad hesab etmirəm. Qəbələ festivalı və Rostropoviç festivalında iştirak etmişəm. Bu gün bu gözəl salonda konsertimin keçirilməsindən çox məmnunam. Növbəti konsertimiz isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Bakını çox sevirəm, gözəl arxitekturası və səmimi insanları var. Unutmadan onu da qeyd edim ki, məncə, dünyada ən dadlı mətbəxlərdən biri məhz Azərbaycandadır. Çox gözəl təbii meyvələr, yeməklər və ən gözəl çay. Buranın çay mədəniyyətini çox bəyənirəm.
- Bu gün hansı proqramla çıxış edirsiniz?
- Rəngarəng bir proqram hazırlamışıq. Haydn, Motsart, Bethoven və s. Bakıya enerji dolu klassik əsərlərlə gəldik. Bramsdan folklor musiqisinə, folklordan rəqs-tanqo musiqisinə qədər ifalarımız olacaq. İnanıram ki, maraqla qarşılanacaq. Piatsollanın əsərləri isə bu proqrama xüsusi bir ahəngdarlıq bəxş edəcək. Rusiya, Avstriya, Argentina bəstəkarları – bir sözlə, gözəl bir çələng.
- Azərbaycan bəstəkarlıq məktəbi ilə tanışlığınız varmı?
- Əlbəttə. Qəbələ festivalında böyük Azərbaycan bəstəkarı Qara Qarayevin sonatasını ifa etmişdim. Çox gözəl bəstəkarlıq məktəbiniz var. Mən zaman-zaman sizin bəstəkarların əsərlərinə müraciət edirəm.
Olqa Domnina bizimlə yalnız həmkarından sonra söhbətləşəcəyini bildirdiyindən qıraqda dayanıb böyük məmnunluqla Maykl Qutmanın müsahibəsini dinləyirdi. Ona ünvanladığımız suallara isə özünəməxsus sevgi və təbəssümlə cavab verdi.
- Hər dəfə Azərbaycana böyük sevgilərlə gəlirəm. Xalqınızı çox sevirəm. Bundan əlavə, musiqinizi çox sevirəm. Bu sevgiyə həm xalq, həm də bəstəkarlıq məktəbi daxildir. Azərbaycan bəstəkarlarının yaradıcılığını yüksək dəyərləndirirəm. Avropa və Rusiyaya qastrol səfərlərimdə proqrama Azərbaycan bəstəkarlarının əsərlərini də daxil edirəm.
- Bugünkü konsertinizin əsas özəlliyi nədir?
- Əsas özəllik odur ki, Maykl Qutman kimi bir sənətkar Bakıda konsert verir və mən onunla birgə səhnəni bölüşürəm. O, dünya şöhrətli violin ifaçısıdır. Qutman, sözün əsl mənasında, əfsanədir və onunla bir səhnədə olmaq şərəfdir.
- Onunla ilk çıxışınızdırmı?
- Bəli, xoşbəxtlikdən belə bir sənətkarla səhnədə ilk çıxışım Bakıda reallaşır. Bu gün onunla yerli melomanlara maraqlı bir konsert proqramı təqdim edəcəyik.
Maykl Qutman və Olqa Domninanın Bakı konserti alqışlarla qarşılandı. Gecə boyunca L.V.Bethoven (skripka və fortepiano üçün 1 N-li sonata), İ.Brams (skripka və fortepiano üçün 3 N-li sonata re major), B.Britton, K.Şimanovski, A.Piatsolla, M.d.Falya və digər bəstəkarların əsərləri gah lirik, gah ritmik, gah da emosional hisslər yaşatdı.
Lalə AZƏRİ