Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” silsiləsindən Xalq artisti, professor  Rasim Abdullayevin yaradıcılıq gecəsi keçirilib.

Gecə Rasim Abdullayev, sənətkarın qızı Ülviyyə Abdullayeva, eləcə də Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayevin ifaları ilə yadda qalıb. Rasim Abdullayevin tələbələri və gənc ifaçıların təqdimatında A.Piazzola, N.Paqanini, Q.Qarayev, İ.Albeniz, Y.Haydnın əsərləri səslənib.

XX əsrin dahi violonçel ifaçılarından Mstislav Rostropoviç ilə Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin izlər qoyur və sənətkarın mükəmməl ifa tərzi ilə tanış olan dinləyicilər hər konsertdən böyük təəssüratla ayrılırlar.

Xalq artistinin yaradıcılığına həsr olunan bu proqram da növbəti unudulmaz musiqi axşamı olub.

Lalə AZƏRİ