Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilata üzv ölkələrin Mədəniyyət Nazirləri Forumunda iştirak məqsədilə Paris şəhərində səfərdədir. Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirib.

 

Azərbaycan-İSESCO əlaqələri yüksək səviyyədədir

 

Əbülfəs Qarayevin İSESCO-nun yeni baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşündə ölkəmizin bu təşkilatla əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ötən dövr ərzində Azərbaycan-İSESCO əlaqələri barədə qısa məlumat verib. Bildirib ki, bu əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və şəxsən Prezident İlham Əliyevin böyük töhfələri olub. Diqqətə çatdırılıb ki, Azərbaycan İSESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri “İslam Mədəniyyətinin Paytaxtı” missiyasını daşıyıb,  2009-cu ildə Bakıda İslam ölkələri Mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İSESCO-nun Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, İSESCO Azərbaycan Prezidentinin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul edilən “Bakı Prosesi”nin, bu təşəbbüs çərçivəsində 2011-ci ildən etibarən 5 dəfə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşıdır.

Azərbaycan-İSESCO əlaqələrinin yüksək səviyyədə olduğunu deyən nazir yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə edib.

İSESCO-nun baş direktoru Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əminliyini bildirib, bu əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini deyib. O, həmçinin İSESCO-da aparılan islahatlar və layihələr barədə məlumat verib. Qeyd edib ki, İSESCO və UNESCO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaq. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.

Əbülfəs Qarayev İSESCO-da aparılan islahatları təqdir etdiyini bildirib. Nazir Bakı şəhərinin UNESCO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə də məlumat verərək gələcəkdə İSESCO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd edib. Həmçinin vurğulanıb ki, İSESCO çərçivəsində mədəni irsin qorunması ilə bağlı layihə həyata keçirilə bilər və bu layihə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verər.

Görüşün sonunda nazir İSESCO-nun baş direktorunu Azərbaycana dəvət edib.

 

Xorvatiya ilə əməkdaşlıq üçün hüquqi baza var

 

Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafı üçün lazımi hüquqi sənəd bazası mövcuddur və bu, əlaqələrin yüksək səviyyədə inkişafına imkan verir. Bu fikir Əbülfəs Qarayevin Xorvatiyanın Mədəniyyət naziri Nina Obuljen Korzinek ilə görüşündə vurğulanıb.

Nazir Əbülfəs Qarayev 2018-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanmış 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq proqramından danışıb və iki ölkə arasında 2020 və 2021-ci illərdə həyata keçiriləcək birgə layihələrdən bəhs edib.

Diqqətə çatdırılıb ki, Xorvatiyanın Riyeka şəhərinin “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində 2020-ci ilin aprel ayında keçiriləcək silsilə tədbirlərdə Azərbaycan fəal iştirak edəcək.

 

Kuba ilə birgə fəaliyyət proqramı hazırlanır

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində Kuba və Bəhreyndən olan həmkarları ilə də görüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Kubanın Mədəniyyət naziri Alpidio Alonso Grau ilə görüşdə nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, iki ölkə arasında Hökumətlərarası Komissiyanın həmsədri kimi qarşılıqlı əlaqələrin yalnız mədəniyyət sahəsində deyil, digər sahələrdə də inkişaf etdirilməsində maraqlıdır. Komissiyanın həmsədri qismində Kubaya iki dəfə səfər etdiyini deyən Qarayev bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirildiyini bildirib. Qeyd olunub ki, hələ sovet dövründə Azərbaycan ilə Kuba arasında təhsil, idman, mədəniyyət, tibb sahələrində əlaqələr yüksək səviyyədə inkişaf edib.

Kubalı nazir görüş üçün təşəkkürünü bildirərək bu yaxınlarda Kuba Prezidentinin Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etdiyini və Bakıdan çox gözəl təəssüratlarla qayıtdığını bildirib. Nazirin sözlərinə görə, ölkə başçısı Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verib və bu məqsədlə iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi üçün mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi və fəaliyyət proqramının hazırlanması faydalı olacaq.

Əbülfəs Qarayev bildirib ki, müvafiq sənədlərin ilkin layihələri qısa müddət ərzində Kuba tərəfinə göndəriləcək.

Nazir Dünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsində göstərilən dəstəyə görə Kuba tərəfinə təşəkkür edib.

 

Qarşılıqlı mədəniyyət günləri keçiriləcək

 

Əbülfəs Qarayevin Bəhreynin Mədəniyyət naziri Şeixa Mai bint Mohamed Əl-Xəlifə ilə görüşündə də iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

Azərbaycanın 2019-cu ildə Dünya İrs Komitəsinə sədrliyi barədə qərarın ötən il Bəhreyndə qəbul edildiyini xatırladan Əbülfəs Qarayev Bəhreyn tərəfinin Bakı sessiyası zamanı ölkəmizə mühüm dəstək verdiyini qeyd edərək qarşı tərəfə minnətdarlığını bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə edilib.

Nazir Bəhreynin Muhərrəq şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinə daxil edilməsi münasibətilə həmkarını təbrik edərək, Bakı şəhərinin də bu proqrama daxil edildiyini və bunun iki şəhər arasında əməkdaşlığın inkişafı üçün platforma olacağını bildirib.