Noyabrın 18-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz ifaçısı, bəstəkar Vaqif Mustafazadənin xatirəsinə ithaf olunmuş konsert təşkil edilib.

Konsertin əvvəlində tədbir iştirakçılarına Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Vaqif Mustafazadə dünya musiqi tarixində özünəməxsus yerə malikdir. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz üslubunun yaradıcısıdır, muğamı klassik Amerikan caz musiqisi ilə mükəmməl şəkildə sintez edərək caz-muğam üslubunu ərsəyə gətirib. Bir bəstəkarın təkbaşına yeni üslubu meydana gətirməsi nadir hadisədir.

Bildirilib ki, ölümündən qırx il keçməsinə baxmayaraq, bu gün də Vaqif Mustafazadənin bəstə və improvizasiyaları həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda sevilir.

Avstriyada yaşayan caz pianoçusu Adrian Qaspar hələ gənc yaşlarından Vaqif və Əzizə Mustafazadələrin yaradıcılığının vurğunu olduğunu və öz yaradıcılığında onların əsərlərindən bəhrələndiyini qeyd edib, konsertə məmnuniyyətlə qatıldığını  diqqətə çatdırıb. Caz qrupu və xorvatiyalı vokalçı Aleksandra Namyesnikin ifasında Azərbaycan və Balkan caz musiqiləri səslənib.

Konsertdə pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadə də çıxış edib. O, Vaqif Mustafazadənin caz improvizasiyalarını ifa edib.