Tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərləri ilk dəfə Bakıda nümayiş olunur. Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılıb. Sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirdə çıxış edən fotoqrafın oğlu və arxivinin varisi – jurnalist, tərcüməçi Nikolay Xalip sərginin Heydər Əliyev Mərkəzi kimi möhtəşəm bir məkanda keçirilməsindən məmnunluğunu vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib. Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox foto təqdim edilir. Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işləri ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotolar da ilk dəfə nümayiş olunur.
Sərgidə, həmçinin fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu kitablar, jurnallar və s. təqdim edilir.
Sərgi 2020-ci il martın 29-dək davam edəcək.