“Sükut”u seçən aktrisanın etirafından
Onu çoxdan tanısam da, ilk dəfə yaxından indi görürdüm. Tanımaq deyəndə ki, müxtəlif filmlərdə, son illərdəsə 10-12 bölümdən uzun olmayacağını bildiyim üçün baxdığım bir neçə serialda görmüşdüm.
Uzun illər kinoda fərqli və maraqlı rollar yaratmış bu xanımın pasport yaşının ahıl çağında yaşını da, yaraşığı, istedadı ilə yanaşı, hansı ləyaqətlə daşıdığını görmək, necə bir pozitiv aura sahibi olduğunu bilmək üçün isə onu teatr səhnəsində seyr etmək gərəkmiş. Bu da bizə Rusiya Dövlət Akademik Malı Teatrının Bakı qastrolu zamanı nəsib oldu.
Özü demişkən, daxilən zərif və kövrək olduğuna rəğmən, həmişə zahirinə baxıb ona güclü xarakterə malik və sərt xasiyyətli qadın rolları tapşırıblar. Elə bu səbəbdəndir ki, “rus qadınları güclü olur” ifadəsindən acığı gəlir. Söhbət Rusiyanın Xalq artisti, Malı teatrın aktrisası, bu teatrın Bakıda oynadığı “Evlənmə” tamaşasında Arina Panteleymonovna rolunda çıxış etmiş Lyudmila Polyakovadan gedir.
Lyudmila Petrovna ahıl yaşından çəkinməyərək, asanlıqla səhnədə, ekranda xala, ana, nənə rolları mərhələsinə keçən, yaşının sanbalını estetik-plastik “yenidənqurmalar” hesabına ört-basdır etməyə çalışmayan sənətçi xanımlardandır. Müsahibələrində də zarafatla deyir ki, “mən Malı teatrın qarılarındanam”…
- Lyudmila Petrovna, Bakıya xoş gəlmisiniz! Sizi öz şəhərimizdə görməkdən məmnunuq.
- Çox sağ olun. Təsəvvür edirsiniz, Avropanın az qala yarısını gəzmişəm, SSRİ dövründə də, ondan sonra da postsovet məkanında xeyli şəhərdə olmuşam, amma Bakıya yolum düşməyib.
- Azərbaycanın paytaxtı sizi necə qarşıladı, ilk təəssüratınız necədir?
- Hər tərəfdə payız hökm sürür, amma hava elə bil yaz havasıdır. Ümid edirəm ki, biz burda olduğumuz müddətdə hava şəhəri gəzmək üçün əlverişli olacaq. Bizim cavan aktyorumuz, tamaşada Podkolesini oynayan Qriqori Skryapkin bu səfərə əməlli-başlı hazırlaşıb, xüsusi proqram tutub ki, məşqdən asudə saatlarımızda turist kimi gəzə bilək. Buna görə də İçərişəhərin dar küçələrini dolaşmaq, bulvarda olmaq, Xəzərə tamaşa etmək, milli koloritli restoranda Azərbaycan yeməklərinin dadına baxmaq istəyirəm. Bir zamanlar “Brilyant əl”, “Amfibiya adam” filmlərinin çəkildiyi məkanları görmək istəyirəm. Bir də ki, Azərbaycan, Bakı mənim çox sevdiyim müğənni Müslüm Maqomayevin vətənidir. Ümid edirəm ki, bu, mənim Bakıya yeganə səfərim olmayacaq.
- Ömrünüzü teatra həsr etdiyinizə görə peşman olmamısınız? Axı, kinoya daha çox diqqət yetirsəydiniz, daha çox tanına bilərdiniz… Son illər isə seriallara ardıcıl çəkilirsiniz…
- Şikayət kimi çıxmasın, son illər seriallarda bir-birinə çox oxşayan nənələr, xalalar, qayınanalar, hər şeylə maraqlanan qonşu qadınlar kimi təxminən oxşar rollar oynayıram. Yenə də Tanrıya min şükür ki, bu yaşımda da çörək qazanıram. Sadəcə, heç vaxt kinoda kimsə məndən ötrü çalışmayıb, məxsusi mənim üçün ssenari yazılmayıb. Taleyim belə gətirib! Hətta məni kino aktrisası kimi məşhurlaşdıran “Uşaq evinin sahibəsi” – Ryabseva da ssenarinin ilkin variantında övladını başından edən alkoqolikin biri idi. Mən isə çalışdım ki, onu maraqlı personaja çevirim… Seriallarda da eyni hadisələr təkrar olur. Açıq deyirlər ki, Lyudmila Petrovna, rolun adı var, özü yox, amma siz onu dirçəldərsiniz, elə deyil? Mən də etiraz etmirəm. Çağırırlarsa, deməli, lazımam. Buna da şükür! Hərçənd son illər neçə-neçə maraqlı filmdə, serialda çəkilmişəm. “Yüksəliş”, “Mixaylo Lomonosov”, “Ciddi rejimli tətil”, “Gerçək nağıl”, “Uçurum”… Təəssüf ki, onları göstərmirlər deyə baxan azdır. Adamın işinə, zəhmətinə heyfi gəlir.
- Müsahibədən əvvəl sizin teatr fəaliyyətinizlə maraqlandım. Moskvanın digər teatrlarında uzun müddət çalışdıqdan sonra Malı teatra gəlmisiniz…
- Elədir. 50 yaşında yeni kollektivə gəlmək asan iş deyil. Mən Şepkin adına Teatr Məktəbində Yuri Mefodyeviç Solominin ilk kursunda oxumuşam. Sonralar müxtəlif teatrlarda işləmişəm. Anatoli Vasilyevin Dramatik Sənət Teatrından tamam ayrılandan sonra təsadüfən onunla kinostudiyada rastlaşdıq. Biləndə ki, işsizəm, məni Malı teatra çağırdı. Solomin o vaxt yenicə bədii rəhbər təyin olunmuşdu. Təsəvvür edirsiniz, əsrin yarısını yaşamısan və iş yerini dəyişirsən. Sanki bu təklif göydən düşdü. Malı teatrda işləyəcəyimə, 300 yaşlı teatrda əsl teatr ənənəsini yaşadanlara qoşulacağıma elə şad idim ki, ən kiçik rol da mənim üçün xoşbəxtlik idi. Sevinirdim ki, mənim yenə teatr adlı evim var, daimi işim var, övladımı arxayın böyüdə bilərəm. “Mənə də böyük rol verin” deyib səsimi çıxarmırdım. Amma bir gün dedilər ki, Dostoyevskinin “Dayının yuxusu” tamaşasına təcili daxil olmalısan. Teatr qastrola gedir, amma Moskalyovanı oynayan aktrisa səfərə çıxa bilmir. O zaman teatrın direktoru olan Viktor Korşunov mənə belə dedi: “Ya teatrda layiq olduğun yeri tutursan, ya da öz epizodlarını oynamağa davam edirsən”. Fikirləşdim ki, heç nə itirmirəm, razılaşdım. O zamandan bəri böyük rollar tapşırırlar. Bu gün repertuardakı 10 tamaşada məşğulam. Deməli, teatra lazımam.
- Amma bir pyesi özünüz təklif etdiniz…
- Elədir. Ötən il Yuri Mefodyeviçə dedim ki, bilirsiniz, qarşıdan mənim yubileyim gəlir. Cavab verdi ki, bu barədə fikirləşirəm. Mən də dedim ki, bəlkə bu pyesi… Solomin pyesi oxuyan kimi razılaşdı. Vinya Delmarın “Davamı – sükut…” pyesini hələ Faina Ranevskaya ilə Rostislav Plyattın ifasında görəndən ona aşiq olmuşdum… Həmişə də fikirləşirdim ki, yaşım çatanda bu rolu oynayacağam. Əslində, bu tamaşa əlli il birgə yaşamış Romeo ilə Cülyettanın bir-birindən ayrılması barədədir… Fevral ayında tamaşanı təhvil verdik. Bu, mənim 80 illik yubileyimə teatrın hədiyyəsi, mənim də tamaşaçılara hədiyyəm oldu.
- Yubileyiniz münasibətilə “Mənim Malı teatr “qarılarına” doğru yolum. Gündəliklər. Söhbətlər” kitabınız çap olunub həm də… Gündəlikləri çap etmək bir qədər cəsarət istəyir…
- 1956-cı ildən gündəlik yazıram. Sənət və sənət adamları barədə bütün düşüncələrim və xatirələrim həmin gündəliklərdə yığılıb. Mən açıqqəlbli adamam, hər şeyi olduğu kimi yazmışam. Həyatda hiss etdiyim hər şeyə görə Tanrıma minnətdaram. Öz həyatımda heç nəyi dəyişmək istəməzdim. Bu gün səhnəyə çıxanda məni alqışlayırlarsa, küçədə mənimlə üzbəüz gələn insanların üzündə təbəssüm yaranırsa, məni saxlayıb rollarımdan danışırlarsa, bəsimdir. Bundan artıq şöhrətə ehtiyacım yoxdur…
Gülcahan MİRMƏMMƏD