Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev noyabrın 19-da Naxçıvan Musiqi Kollecində ustad dərsi keçib.

Ustad dərsində muxtar respublikada fəaliyyət göstərən musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən şagird və müəllimlər, eləcə də Musiqi Kollecinin müəllim və tələbələri iştirak edib.

Xalq artisti gənc ifaçılara alətin texnikası və düzgün istifadə qaydaları haqqında məsləhət və tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Naxçıvan Musiqi Kollecinin direktoru, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Günay Əliyeva deyib ki, Teymur Göyçayevin rəhbərlik etdiyi orkestr dəfələrlə Naxçıvanda konsert proqramları ilə çıxış edib. Bu gün maestronun keçdiyi ustad dərsi vasitəsilə uşaqlara yeni bacarıqlar aşılanır və onların sənət vərdişləri inkişaf etdirilir. G.Əliyeva maraqlı dərs üçün Teymur Göyçayevə minnətdarlığını bildirib.