Moskvada Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu – STMEGİ-nin Sergey Vaynşteyn adına mükafatının təqdimat mərasimi keçirilib.
Bakıda doğulmuş, dağ yəhudiləri milli mədəniyyətinin dirçəlişində, Azərbaycan və yəhudi xalqları arasında əlaqələrin möhkəmlənməsində böyük xidmətləri olmuş tarixçi və antropoloq Sergey Vaynşteynin adına mükafat 2015-ci ildə təsis edilib. Builki təqdimat alimin 70 illiyinə həsr olunub.
STMEGİ Fondunun təsisçisi və prezidenti German Zaxaryayev əslən Azərbaycanın Quba rayonundan – Qırmızı Qəsəbədəndir. Fondun vitse-prezidenti İsay Zaxaryayev bildirib ki, builki mükafat hər zaman aktual mövzuya – Azərbaycan və dağ yəhudiləri xalqları arasında dostluq əlaqələrinə həsr olunub. O xatırladıb ki, yaxın vaxtlarda Qırmızı Qəsəbədə dağ yəhudilərinin tarixini əks etdirən muzeyin açılışı olacaq. S.Vaynşteyn bu muzeyin ekspozisiyasının tərtibçilərindən biri olub.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun mərasim iştirakçılarına məktubunu oxuyub.
Sonra mükafatın laureatlarının adları açıqlanıb. Bu il mükafat rejissor Rüfət Əsədov, bəstəkar Elçin İmanov və ifaçı Yosef ben Yoxaya təqdim edilib. Rüfət Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi” və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.