Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai xadim Hidayətin dramaturgiya sahəsində fəaliyyətinə həsr edilmiş “Hidayət və teatr” kitabının təqdimat mərasimi keçirildi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu kitabda dramaturqun yaradıcılıq yoluna geniş nəzər salınıb.

Təqdimatda çıxış edən sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva kitabın əhəmiyyətindən bəhs ediblər.

Xalq artisti, professor Ağakişi Kazımov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, filologiya elmləri doktoru Vaqif Yusifli  və başqa çıxış edənlər dramaturqun həyat yoluna işıq salan kitaba görə müəllifə təşəkkür ediblər.

Diqqətə çatdırılıb ki, monoqrafiya Hidayətin dramaturgiya və teatr sahəsində nailiyyətlərinə həsr edilmiş ilk tədqiqat əsəridir. Kitabda Hidayətin pyeslərinə quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəst-xətləri araşdırılıb, müqayisə edilərək maraqlı mülahizələr irəli sürülüb.

Kitab teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Mərasimin sonunda İftixar Piriyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.