Kanadada fəaliyyət göstərən “Azerbaijani Women’s Support Centre North York Civic Centre”də (AWSC) Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.
AWSC-nin idarə heyətinin üzvləri Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətində rolu və xidmətlərindən danışıblar.
Tarixçi Fatimə Quliyeva rəqqasənin həyatı ilə yanaşı, Dilbazi nəslinin tarixi və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirakı barədə ətraflı məlumat verib.
Əminə Dilbazinin tələbəsi Qəmər Peyğəmbəri isə sənətkarın fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. “Əminə xanımın özünəməxsus orijinal ifa tərzi var idi. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimizin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qalıb”, - deyə o bildirib.
Xatirə gecəsində iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev başda Nazilə İsgəndərova olmaqla tədbirin təşkil olunmasına görə AWSC-yə təşəkkürünü bildirib.
Tədbirdə “Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifaları ilə, Qəmər xanım, Ayaz və Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara xoş anlar yaşadıblar.